mobil versiya

Beynəlxalq media qurumları İsrailin AFP əməkdaşını həbs etməsindən narahatdır






İsrail və Fələstin ərazilərində beynəlxalq medianı təmsil edən qrup, bazar ertəsi günü İsrail qüvvələrinin İordan çayının qərb sahilində "Agence France-Presse" (AFP) agentliyinin sərbəst əməkdaşını (frilanserini) həbs etməsi ilə bağlı narahatlığını dilə gətirib və heç bir sübut təqdim olunmadığı təqdirdə onun dərhal azad edilməsini tələb edib.

Xarici Mətbuat Assosiasiyası (FPA), bazar günü səhər tezdən həyata keçirilən reyd zamanı beynəlxalq xəbər agentliyinin şimaldakı Cenin şəhəri ətrafında video materiallar hazırlayan əməkdaşı Məhəmməd Atiqin həbs olunması ilə bağlı dərin narahatlığını ifadə edib.

Assosiasiya bildirib: "Ordu onun 'terrorla əlaqədə şübhəli bilindiyini' iddia edir, lakin heç bir sübut təqdim etməyib, rəsmi ittiham irəli sürməyib və onu xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlayır. FPA ordunu ya sübut təqdim etməyə, ya da Atiqi dərhal azad etməyə çağırır. Eyni zamanda, hakimiyyət orqanlarını onun təhlükəsizliyini təmin etməyə, vəkillə görüşməsinə şərait yaratmağa və ailəsinin ona baş çəkməsinə icazə verməyə çağırırıq".

İsrail ordusu AFP-yə bildirib ki, Atiq Fələstinin "Həmas" militant qruplaşması ilə əlaqədə şübhəli bilinir, lakin bu barədə heç bir sübut təqdim etməyib.

Bir aydan sonra ilk övladlarını dünyaya gətirməyə hazırlaşan Atiqin həyat yoldaşı Ansam Atiq bildirib ki, hərbçilər gecə yarısı evlərinin qapısını sındıraraq içəri giriblər, onun iki telefonunu müsadirə ediblər, AFP-yə məxsus videokamerasını balkona atıblar və özünü isə gözləri bağlı şəkildə aparıblar.

AFP bazar günü yaydığı bəyanatda Atiqin taleyi ilə bağlı "çox narahat" olduğunu bildirib.

AFP bəyan edib: "Biz İsrail hakimiyyətindən onun nə səbəbdən saxlanıldığını aydın şəkildə izah etmələrini və sübut təqdim etmələrini tələb edirik. Əgər bu edilməzsə, o, dərhal azadlığa buraxılmalıdır".

İsrail qüvvələri avqust ayında İordan çayının qərb sahilində AFP-nin daha bir sərbəst əməkdaşı Məhəmməd Avadı da həbs etmişdi.

O vaxt İsrail ordusu onun "terror hücumlarının təşkilində şübhəli bilindiyini" və "Həmas"ın tapşırığı ilə fəaliyyət göstərdiyini iddia etmişdi, lakin bu barədə də heç bir sübut təqdim etməmişdi. Avad hələ də həbsdə saxlanılır.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:34