ABŞ nümayəndəsi bildirib ki, Livandakı “Hizbullah” “könüllü” şəkildə tərksilah olmalıdır

ABŞ nümayəndəsi Mayk Uolts bazar ertəsi günü bildirib ki, İranın dəstəklədiyi “Hizbullah” silahlı qruplaşması “könüllü” şəkildə silahlarını yerə qoymalı və onları Livan dövlətinə təhvil verməlidir. O, əlavə edib ki, heç bir ölkədə iki ordu ola bilməz.
ABŞ-ın BMT-dəki səfiri olan Uolts deyib: “Düşünürəm ki, mesaj aydın və birmənalı olmalıdır: Livanın suverenliyi tam şəkildə bərpa edilməlidir. Buna nail olmaq üçün vasitə isə Livan silahlı qüvvələri olacaq”.
İsraillə ardıcıl müharibələr aparmış “Hizbullah” hazırda tərksilah olunması üçün təzyiqlə üzləşib.
Bu qruplaşma 1990-cı ildə Livan vətəndaş müharibəsi başa çatdıqdan sonra silahlarını təhvil verməkdən imtina edən yeganə silahlı qrup idi.
Uolts qeyd edib: “Ölkəsini müdafiə etmək, suverenliyini bərpa etmək və xalqını qorumaq üçün irəli çıxan hər bir Livan əsgərini yüksək qiymətləndirirəm. Bu, tarixdə belə bir addım atmaq üçün unikal fürsətdir”.
“İkincisi, “Hizbullah”a və onun İranlı havadarlarına demək istəyirəm ki, heç bir ölkədə iki ordu ola bilməz. Ümid edirəm və arzulayıram ki, “Hizbullah” tərksilah olacaq. Onlar bunu könüllü şəkildə etməlidirlər”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:18


























