mobil versiya

Banqladeşin keçmiş baş naziri Həsinə “ölüm təhlükəsi”nə baxmayaraq vətənə qayıtmağa hazırlaşır






2024-cü ildə hakimiyyətdən devrilən və ölüm cəzasına məhkum edilən Banqladeşin keçmiş baş naziri Şeyx Həsinə bazar ertəsi AFP agentliyinə bildirib ki, “ölüm təhlükəsi”nə baxmayaraq, dekabr ayında vətənə qayıdacaq.

Həsinə, tələbələrin rəhbərlik etdiyi üsyan nəticəsində 15 illik sərt hakimiyyətinə son qoyulduqdan sonra, 2024-cü ilin avqustunda Hindistana qaçıb və o vaxtdan bəri gizli həyat sürür.

Ötən il Banqladeş məhkəməsi onu etirazçılara qarşı ölümcül zorakılıq tətbiq etməklə bağlı insanlığa qarşı cinayətlərdə təqsirli bilərək, qiyabi şəkildə ölüm cəzasına məhkum edib.

O, AFP-yə verdiyi elektron müsahibədə deyib: “Qayıdacağım təqdirdə üzləşəcəyim risklərin tam fərqindəyəm. Lakin mən qərarımı vermişəm və heç bir ölüm təhlükəsi məni öz ölkəmdən uzaq saxlaya bilməz”.

Onun qayıtmaqda israrlı olması, Banqladeş hakimiyyətinin onun geri dönəcəyi təqdirdə edam ediləcəyini bəyan etməsindən bir neçə gün sonraya təsadüf edir. Hakimiyyət orqanları həmçinin bildirib ki, hökmə qarşı apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddət keçdiyi üçün onun artıq heç bir hüquqi müdafiə imkanı qalmayıb.

79 yaşlı Həsinə məhkəmə prosesinin legitimliyini dəfələrlə rədd edib.

Dakka onun Hindistandan ekstradisiya edilməsini tələb edib; Hindistan tərəfi isə sorğunun hüquqi baxımdan nəzərdən keçirildiyini bildirir.

Həsinə bu mövqeyi “ziddiyyətli” adlandırıb.

O deyib: “Aylardır mənim geri qayıtmağımı tələb edirdilər. İndi isə mən evə qayıtmaq üçün real addımlar atanda, onlar mənim qayıtmağıma imkan yaratmaqdan daha çox, məni hədələməyə maraq göstərirlər. Açığı, Banqladeş hakimiyyətinin bu ziddiyyətli bəyanatları çox şeydən xəbər verir. Əgər qiymət ölümdürsə...”

Analitiklər hesab edirlər ki, onun qayıtmaq vədi siyasi mövqeyini qoruyub saxlamaq, tərəfdarlarının sədaqətini təmin etmək və bir vaxtlar Banqladeşdə dominant olan, lakin hazırda fəaliyyəti qadağan edilmiş partiyasını yaşatmaq cəhdidir.

O, həmçinin buna da ümid edə bilər ki, hökumət Banqladeşin qurucu liderinin qızını – ölüm hökmü çıxarılmış olsa belə – edam etməkdə çətinlik çəkəcək.

Həsinə, hakimiyyət orqanlarının iddialarının əksinə olaraq, onun rəhbərlik etdiyi “Avami Liqası” (Awami League) partiyasının Banqladeşdə son vaxtlar baş verən benzin bombalı hücumlarda əli olduğunu təkzib edib. O bildirdi ki, geri qayıtmasını təşkil etmək üçün Hindistandan kömək istəmək niyyətində deyil.

"Onsuz da könüllü şəkildə geri qayıtmağa qərar verdiyim halda, nə üçün başqa bir ölkədən məni ekstradisiya etməsini istəyim? Ekstradisiya iki suveren dövlət arasında olan məsələdir. Hindistan öz qanunlarına, siyasətinə və milli maraqlarına uyğun olaraq müstəqil qərarlar qəbul edəcək", – deyə o bildirdi.

Həsinanı həmçinin bir sıra digər ittihamlar, o cümlədən korrupsiya iddiaları gözləyir.

"Mənə qarşı 600-dən çox saxta iş açılıb", – deyə o söylədi.

O qeyd etdi ki, vəkilləri Banqladeşin Yeni Dehlidəki Ali Komissarlığına müraciət edərək onun üçün Banqladeş pasportu və milli şəxsiyyət vəsiqəsi tələb ediblər.

"Mən artıq dekabr ayında Banqladeşə qayıtmaq üçün hazırlıq görürəm. Mən ölmək istəmirəm. Yaşamaq və ölkəmə xidmət etməyə davam etmək istəyirəm. Lakin vətənə qayıtmağın bədəli ölümdürsə, mən buna hazıram."


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:23