mobil versiya

Mərakeş pasportu "Happy Passports Index 2026" reytinqində 50 ölkə arasında 49-cu yerdə qərarlaşıb






Mərakeş 100 baldan 29,7 bal toplayaraq "Happy Passports Index 2026" - (Xoşbəxt Pasportlar İndeksi 2026) reytinqində 50 ölkə arasında 49-cu yeri tutub və qlobal siyahıda sondan ikinci olub.

Bu barədə Mərakeş yerli mediası xəbər verir. 

Ölkə, 22,4 balla sonuncu yerdə qərarlaşan Keniyadan irəlidə olsa da, 30,4 balla 48-ci yerdə olan Türkiyədən və 34,5 balla 47-ci yerdə olan Cənubi Afrika Respublikasından geri qalıb.

Mərakeşin ümumi mövqeyinə əsasən, indeksin "Rifah" (Wellbeing) kateqoriyasında topladığı sıfır bal təsir edib; bu, qiymətləndirilən 50 ölkə arasında ən aşağı nəticədir.

Bu kateqoriya, 2023-2025-ci illər üçün "Dünya Xoşbəxtlik Hesabatı"ndan (World Happiness Report) əldə edilən məlumatlara və "Kantril Nərdivanı" (Cantril Ladder) metoduna əsaslanaraq, vətəndaşların ümumi həyat məmnuniyyətini ölçür.

Mərakeş həmçinin pasportun gücünü və beynəlxalq səyahət azadlığını qiymətləndirən "Mobillik" kateqoriyasında 15,5 balla aşağı nəticə göstərib.

Ölkənin göstəriciləri "Refah, Sağlamlıq və Təhlükəsizlik" kateqoriyasında nisbətən daha yaxşı olub – burada 42,6 bal toplanıb. Bu komponent adambaşına düşən ümumi daxili məhsulu (ÜDM), sağlam ömür uzunluğunu, eləcə də təhlükəsizlik və sabitlik göstəricilərini nəzərə alır.

Ölkə ən yüksək nəticəni 60,5 balla "Ölkə daxilində azadlıq" (Freedom at Home) kateqoriyasında əldə edib. Bu kateqoriya vətəndaşların öz həyat seçimlərini etmək azadlığına dair təsəvvürlərini, həmçinin qanunlar və təsisatlar tərəfindən təmin edilən mülki azadlıqları özündə birləşdirir.

İndeks necə hesablanır?
"Happy Passports Index" ölkə daxilindəki rifah və həyat keyfiyyəti göstəricilərini, həmin ölkənin pasportunun təmin etdiyi beynəlxalq mobillik imkanları ilə birləşdirir. İndeksin 2026-cı ilin noyabr buraxılışında altı coğrafi regiondan 50 ölkə qiymətləndirilib. Qiymətləndirmə dörd bərabər çəkili kateqoriya üzrə aparılıb və hər bir kateqoriya yekun xalın 25%-ni təşkil edir.

İndeks "Dünya Xoşbəxtlik Hesabatı", "Gallup", "Demokratiya Müxtəliflikləri" (V-Dem) layihəsi, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından əldə edilən məlumatlara əsaslanır. Şimali Avropa ölkələri reytinqin zirvəsində yer alaraq, yüksək həyat məmnuniyyəti, vətəndaş azadlıqları və güclü pasportların vəhdətini nümayiş etdirdilər.

Finlandiya 93,2 xalla indeksdə liderlik etdi; bu göstəriciyə rifah sahəsində mükəmməl 100 xal və həyatın qiymətləndirilməsi üzrə 7,764-lük orta bal daxildir. İslandiya 92,4 xalla ikinci, Danimarka isə 92,1 xalla üçüncü yerdə qərarlaşdı.

Norveç 89,3 xalla dördüncü, İsveçrə və İsveç isə müvafiq olaraq beşinci və altıncı yerləri tutdular (İsveç 88,2 xal toplayıb).

İlk 10-luqdakı ölkələrdən səkkizi Avropada yerləşir. Yeni Zelandiya səkkizinci, Sinqapur isə onuncu yerdə qərarlaşaraq, ilk 10-luğa daxil olan yeganə qeyri-Avropa ölkələri oldular. Avstraliya 12-ci, Böyük Britaniya isə 17-ci yerdə qərar tutdu.

Hesabatda həmçinin reytinqin orta sıralarında yer alan ölkələr arasındakı fərqliliklərə də diqqət çəkilir. ABŞ 28-ci yerdə qərarlaşıb ki, bu da qismən onun "seçim azadlığı" kateqoriyasında 47-ci yerdə olması ilə izah olunur.

Güclü pasporta malik bəzi ölkələr, həyat məmnuniyyəti və ya ölkə daxilindəki azadlıqlar üzrə göstəriciləri aşağı olduqda, ümumi reytinqdə daha geridə qalıblar. Məsələn, Yunanıstan 36-cı, Səudiyyə Ərəbistanı isə 41-ci yerdədir.

Hesabatda vurğulanır ki, insanların rifahı yalnız pasportun gücü ilə müəyyən edilmir. Ölkə daxilindəki azadlıqlar, həyat keyfiyyəti və bərabər imkanlar həyat məmnuniyyətinin əsasını təşkil edir; beynəlxalq mobillik isə fərdlərin seçim imkanlarını öz ölkələrinin hüdudlarından kənara çıxararaq genişləndirir.

Bu nəticələr "Global Citizen Solutions" təşkilatının "Global Intelligence Unit" (Qlobal Kəşfiyyat Bölməsi) tərəfindən dərc edilmiş "Xoşbəxt Pasportlar: Rifah, Azadlıq və Mobillik İndeksi" adlı tədqiqata əsaslanır.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:26