Cənubi Afrikada iki ayrı silahlı hücum nəticəsində 17 nəfər öldürülüb

Polisin bazar ertəsi verdiyi məlumata görə, Cənubi Afrikada baş verən iki ayrı hücumda 17 nəfər güllələnərək öldürülüb. Ölkə hazırda yüksək səviyyəli zorakı cinayətkarlıqla mübarizə aparmaqdadır.
Birinci hadisədə, bazar ertəsi səhər saatlarında paytaxt Pretoriya yaxınlığındakı qeyri-rəsmi yaşayış məntəqələrindən birində, daxmada altı kişi və üç qadının cəsədi aşkar edilib. Onların hamısında güllə yaraları olub.
Bazar günü gecə baş verən digər bir hücumda isə ölkənin şərqindəki KvaZulu-Natal əyalətində, Pitermaritsburq şəhəri yaxınlığında səkkiz kişi öldürülüb.
Atışma barədə məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşları qurbanları güllə yağışına tutulmuş bir avtomobilin içində tapıblar. Səkkiz nəfərin hamısının hadisə yerindəcə keçindiyi təsdiqlənib.
KvaZulu-Natal polisi sözçüsü polkovnik Robert Netşiunda yerli "Newzroom Afrika" telekanalına bildirib ki, qurbanların kimliyi hələ müəyyən edilməyib və cinayətin motivini söyləmək üçün hələ tezdir.
O qeyd edib ki, keçmişdə baş verən oxşar hücumlar narkotik ticarəti, mal-qara oğurluğu və mikroavtobus sərnişindaşıma sahəsindəki mübahisələrlə əlaqəli olub.
Polis statistikasına əsasən, Cənubi Afrika dünyada qətl hallarının ən çox qeydə alındığı ölkələrdən biridir; burada hər gün orta hesabla təxminən 60 nəfər öldürülür.
Mütəşəkkil cinayətkarlıq, qanunsuz mədən işləri və gəlirli sərnişindaşıma marşrutları uğrunda rəqabət ölkədə silahlı zorakılığa səbəb olan amillər sırasındadır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:46


























