mobil versiya

Fransa, soyuduculara edilən kiberhücuma görə dekabr ayında İrana qarşı Aİ sanksiyalarının tətbiqini gözləyir






Fransanın xarici işlər naziri Jan-Noel Barro bazar ertəsi bildirib ki, Parisin Tehrana bağladığı və supermarketlərdəki soyuducu sistemlərini hədəf alan irimiqyaslı kiberhücumla əlaqədar, Fransa dekabr ayında Avropa İttifaqının İrana qarşı yeni sanksiyalar qəbul edəcəyini gözləyir.

Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə gələn Barro, hücuma görə məsuliyyət daşıyan şəxslərə qarşı tədbirlərin dekabrın 14-də keçiriləcək növbəti görüşdə razılaşdırılacağına "əmin" olduğunu ifadə edib.

Barro jurnalistlərə deyib: "Mən bu gün Brüsselə, sözügedən son dərəcə ciddi kiberhücumun əsas təqsirkarları ilə bağlı sübutları təqdim etmək və bir ay ərzində onlara qarşı Avropa sanksiyalarının tətbiq olunmasını xahiş etmək üçün gəlmişəm. Avropa İttifaqına üzv dövlətlərin böyük əksəriyyətinin dəstəyini qazandığım üçün məmnunam".

Oktyabrın 11-də və 12-də baş verən kiberhücumlar Fransada yüzlərlə supermarketə təsir edib. Hücum nəticəsində soyuducu və dondurucu kameralarda temperatur yüksəlib, bu da bir çox mağazanı tez xarab olan ərzaq ehtiyatlarını tamamilə atmağa məcbur edib.

Ötən həftə Paris, Fransa ərazisində baş verən bu cür ilk irimiqyaslı kiber-təxribata görə İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırıb.

Tehran isə bu ittihamı "əsassız" adlandıraraq rədd edib.

Noyabrın əvvəlində Avropanın azı 11 digər ölkəsində də oxşar hadisələrin baş verdiyi bildirilib.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:53