mobil versiya

İranın "Qüds" Qüvvələrinin komandanı İraqla "Hizbullah" arasındakı gərginliyi azaltmaq üçün Bağdaddadır





Mənbələrin çərşənbə axşamı "Al Arabiya English"ə verdiyi məlumata görə, İranın "Qüds" Qüvvələrinin komandanı İsmayıl Qaani İraq hökuməti ilə İranın dəstəklədiyi silahlı qruplaşma olan "Kətaib Hizbullah" arasındakı gərginliyi səngitməyə çalışır.

Mənbələr bildiriblər ki, Qaani bazar ertəsi Bağdada gələn İran nümayəndə heyətinə rəhbərlik edib və orada İraq rəsmiləri, eləcə də silahlı qruplaşmaların liderləri ilə görüşüb.

Mənbələrin sözlərinə görə, səfərin məqsədi İraq hökuməti ilə "Kətaib Hizbullah" arasındakı gərginliyi azaltmaqdır.

Mənbələr görüşlərin təfərrüatları və ya hər hansı razılaşmanın əldə olunub-olunmadığı barədə hələlik əlavə məlumat verməyiblər.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xarici əməliyyatlar bölməsi olan "Qüds" Qüvvələri uzun müddətdir ki, Tehranın Yaxın Şərqdəki, o cümlədən İraqdakı müttəfiq silahlı qruplaşmalarla münasibətlərində mərkəzi rol oynayır.

"Kətaib Hizbullah" İraqda İranın dəstəklədiyi ən tanınmış silahlı qruplaşmalardan biridir və İİKK ilə sıx əlaqələr saxlayır.

İran qonşu İraqda ciddi siyasi və hərbi təsirə malikdir; orada bir sıra silahlı qruplaşmalar Tehranla sıx əlaqələrini davam etdirirlər.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:29