mobil versiya

Yəhudi varislə mübahisə: Van Qoqun 180 milyon dollarlıq əsəri hərraca çıxarılır






"Sotheby’s" hərrac evi AFP agentliyinə bildirib ki, Vinsent van Qoqun şah əsərlərindən birinin satışı planlaşdırıldığı kimi çərşənbə günü baş tutacaq. Sözügedən əsərin keçmiş yəhudi sahibi tərəfindən nasist dövründə satıldığı, hazırkı varislərin isə bu satışa etiraz etdiyi bildirilir.

1890-cı ildə Fransanın Over-sür-Uaz (Auvers-sur-Oise) şəhərində çəkilmiş "Çiçəkləyən şabalıd ağacları" ("Chataigniers en fleurs") adlı tablonun 180 milyon dollara satılacağı proqnozlaşdırılır. Bu, holland post-impressionist rəssamın əsərləri arasında yeni rekord olmaqla yanaşı, cari mövsümün ən bahalı sənət əsərinə çevrilə bilər.

"The New York Times" qəzetinin məlumatına görə, 1909-cu ildə Parisdə tablonu əldə etmiş nüfuzlu alman naşir Samuel Fişerin varisləri, əsərin 1936-cı ildə satılmasına etiraz edirlər. Onlar iddia edirlər ki, ailə bu əsərdən nasistlər dövründə məruz qaldığı maliyyə itkiləri səbəbindən ayrılmaq məcburiyyətində qalıb.

Varislərin Berlində fəaliyyət göstərən vəkili Qunnar Şnabel "Sotheby’s"dən sübut tələb edir: o, tablonun bazar qiymətinə satıldığını və siyasi vəziyyətdən asılı olmayaraq ailənin onu onsuz da satacağını təsdiqləyən dəlillər istəyir.

"Sotheby’s" bazar ertəsi yaydığı bəyanatda bildirib ki, "Çiçəkləyən şabalıd ağacları" əsərinin mülkiyyət tarixi ilə bağlı "ətraflı araşdırma aparıb". Məlumata görə, əsər 1932–1933-cü illər arasında Amsterdamdakı bir qalereya sahibinə təhvil verilib və 1936-cı ilin iyununda 68 000 İsveçrə frankına satılıb.

"Sotheby’s" əlavə edib ki, "indiyə qədər aparılan araşdırmalar tablonun məcburiyyət altında və ya ədalətli bazar qiymətindən aşağı satıldığını təsdiqləmir".

Hərrac nəhəngi Fişerin varisləri ilə dialoqun davam etdiyini və "hər iki tərəfi qane edəcək həll yolu tapmağa çalışdıqlarını" bildirib.

"The Times" qəzetinin xəbərinə görə, tərəflər arasında bazar ertəsi Nyu-Yorkda görüş keçirilməsi planlaşdırılırdı.

Reportyor.az 





KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 12:27