Pakistan və İran regional təhlükəsizlik dinamikası və cərəyan edən geosiyasi prosesləri müzakirə edib

Pakistan Müdafiə Qüvvələrinin Komandanı və Ordu Qərargah Rəisi, feldmarşal Asim Munir İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşü zamanı regional sülh və sabitliyin təşviqi üçün iki ölkə arasında davamlı əlaqə, qarşılıqlı etimad və sıx koordinasiyanın vacibliyini vurğulayıb.
Silahlı Qüvvələrin İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) yaydığı bəyanata əsasən, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, regional təhlükəsizlik dinamikası və cərəyan edən geosiyasi proseslər müzakirə olunub.
Bəyanatda qeyd olunur ki, tərəflər həmçinin ümumi təhlükəsizlik çağırışlarının həlli yolları barədə fikir mübadiləsi aparıblar.
ISPR-in məlumatına görə, Araqçi Pakistanın regional sülh və sabitliyin təşviqindəki konstruktiv rolunu yüksək qiymətləndirib və ölkəsinin ikitərəfli münasibətləri daha da möhkəmləndirmək arzusunda olduğunu bildirib.
ISPR bildirib ki, görüş bazar ertəsi Ravalpindidə baş tutub.
Bu görüş, Araqçinin bazar ertəsi İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasındakı çıxışından sonra baş tutub. Həmin çıxışda o, əsas yanacaq təchizatı marşrutlarında yaranan fasilələr fonunda enerji axınlarını qorumaq, sabit təchizatı təmin etmək və xarici amillərdən asılılığı azaltmaq üçün etibarlı və davamlı regional enerji mexanizminin yaradılmasına çağırıb.
ABŞ-ın İrana qarşı apardığı müharibəyə toxunan Araqçi bildirib ki, Tehran diplomatik əlaqələrə və sülh yolu ilə həll yollarına sadiq qalır, lakin Vaşinqtonu təcavüz, təhdidlər və iqtisadi təzyiqlərlə müşayiət olunan bir xətt izləməkdə ittiham edib.
O, həmçinin vurğulayıb ki, İranın region ölkələri ilə heç bir köklü ixtilafı yoxdur və onların ərazilərindən, hava məkanından və obyektlərindən bir-birinə qarşı hücumlar üçün istifadə edilməməlidir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:08


























