Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub

Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın yeni təyin olunmuş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Muxtar Tleuberdini xarici işlər naziri təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona uğurlar arzulayıb.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin cari gündəliyi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq, qardaşlıq, qarşılıqlı etimad və həmrəylik prinsipləri əsasında dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib. İkitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək yüksək qiymətləndirilib. Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin və mövqelərin əlaqələndirilməsinin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Telefon danışığı zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:00


























