Fransanın Lion şəhərində şənbə günü keçirilməsi planlaşdırılan “bütün etiraz aksiyaları” qadağan edilib

Ötən həftəsonu genişmiqyaslı küçə zorakılıqları ilə müşayiət olunan etiraz aksiyalarından sonra, bu şənbə günü ölkə miqyasında yeni nümayişlərin keçirilməsi gözlənilir. Bu ərəfədə rəsmilər Fransanın üçüncü ən böyük şəhəri olan Lionda “bütün etiraz aksiyalarını” qadağan ediblər.
Rona (Rhône) bölgəsi administrasiyası cümə axşamı mətbuata verdiyi açıqlamada bildirib ki, “17 oktyabr hadisələrini nəzərə alaraq, prefekt xüsusi sərəncamla bu şənbə, 24 oktyabr tarixində Lion şəhərində bütün etiraz aksiyalarının keçirilməsini qadağan etmək qərarına gəlib”.
Yüksək inflyasiyaya qarşı keçirilən kütləvi etirazlar zamanı, Paris və digər Fransa şəhərlərində olduğu kimi, Lionda da maskalı gənclərin şəhər mərkəzinə çıxması toqquşmalara və talanlara səbəb olub.
Lion meri Qreqori Duse bildirib ki, iğtişaşlar zamanı şəhər bir neçə saat ərzində “xaos” içində qalıb; bu müddətdə 150-200-ə yaxın mağaza talan edilib, turizm ofisi isə yandırılıb. Polis təxminən 200 nəfəri saxlayıb.
Etiraz aksiyalarının təşkilatçıları – “Sarı jiletlilər” hərəkatı və həmkarlar ittifaqları – həyat bahalığına etiraz olaraq bu şənbə günü ölkə miqyasında yeni nümayişlər, həmçinin 5 noyabrda ümumi tətil və etiraz aksiyaları keçirməyə çağırıblar.
Ötən həftəsonu baş verən zorakılıqların qarşısını ala bilməyən Fransa rəsmiləri, ticarət bölgələrini qorumaq məqsədilə bu həftə Paris, Lion və digər bəzi şəhərlərin müəyyən hissələrində üç gecəlik komendant saatı tətbiq edilməsi barədə qərar veriblər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:02


























