mobil versiya

Milan Moda Həftəsi zamanı xəz istifadəsinə qarşı etiraz






"Agence France-Presse" agentliyinin məlumatına görə, şənbə günü Milanda yüzlərlə insan Moda Həftəsi nümayişləri ilə paralel olaraq xəz istifadəsinə qarşı etiraz aksiyası keçirib.

Etirazçılar "Moda qurbanları" və "Onların həyatı sizin geyimlərinizdən daha dəyərlidir" yazılmış plakatlar qaldıraraq, Milan Moda Həftəsinin təşkilatçılarını xəz istifadəsini qadağan etməyə çağırıblar.

London və Nyu-York Moda Həftələri öz nümayişlərində xəz istifadəsini qadağan etsə də, Milan brendlərdən yalnız ondan istifadə etməməyi xahiş etməklə kifayətlənib.

"Fur Free Alliance" (Xəzsiz Alyans) təşkilatı tədbir təşkilatçılarını bu materialın nümayişlərdə istifadəsini tamamilə qadağan etməyə çağırıb.

"Armani", "Prada" və "Dolce & Gabbana" kimi böyük moda evləri artıq xəz istifadəsindən imtina ediblər.

Bununla belə, İtaliyada istisnalar da mövcuddur; məsələn, Fransa şirkəti olan LVMH qrupuna daxil olan "Fendi" brendi hələ də xəzdən istifadə edir.

Fəallar Milanın ildə dörd dəfə keçirilən Moda Həftəsi tədbirləri zamanı mütəmadi olaraq etiraz aksiyaları təşkil edir, xəz üçün heyvanların yetişdirilməsində tətbiq olunan sərt üsulları və bu heyvanların çox vaxt saxlanıldığı pis şəraiti tənqid edirlər.

Heyvan hüquqlarına marağın artması, istehlakçı vərdişlərinin dəyişməsi və sintetik alternativlərin meydana çıxması nəticəsində son illərdə qlobal moda sənayesində xəz istifadəsi kəskin şəkildə azalıb.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:00