mobil versiya

ABŞ texnologiya şirkətini izlədiyi iddia edilən rusiyalı agent həbs olunub





Rəsmi şəxslərin verdiyi məlumata görə, Kaliforniyada bir rusiyalı kişi, Ukraynaya dəstək verən Silikon Vadisindəki texnologiya və müdafiə şirkətinin əməkdaşlarını izlədiyi iddiası ilə həbs edilib.

Bu barədə AFP xəbər verir. 

İqor Dyuya xarici hökumətin agenti qismində fəaliyyət göstərmək üçün sui-qəsd (gizli razılaşma), ABŞ Baş prokuroruna məlumat vermədən xarici hökumətin agenti kimi fəaliyyət göstərmək, izləmə (təqib) və fırıldaqçılıq ittihamları irəli sürülüb.

FTB-nin (Federal Təhqiqat Bürosu) Əks-kəşfiyyat və Casusluqla Mübarizə Şöbəsinin direktor müavini Roman Rojavski bəyanatında bildirib ki, "İqor Dyu, ABŞ-ın iri texnologiya şirkətinin əməkdaşlarını izləmək məqsədilə Rusiya hökuməti tərəfindən cəlb edilib, ona göstərişlər verilib və maliyyələşdirilib".

Rojavskinin sözlərinə görə, Dyu "kəşfiyyat məlumatları toplamaq üçün fiziki müşahidədən, elektron izləmə cihazlarından və saxta şəxsiyyətlərdən" istifadə edib.

ABŞ prokuroru Kreyq Missakian bildirib ki, sözügedən ABŞ şirkəti "Ukraynanın Rusiya ilə müharibəsində ona göstərdiyi dəstəyə görə" hədəf alınıb.

Missakian qeyd edib: "Biz xarici hökumətlərin və ya digər tərəflərin Silikon Vadisini xarici kəşfiyyat əməliyyatları üçün bir bazaya çevirmək cəhdlərinə dözməyəcəyik".

Dyu tərəfindən hədəf alınan şirkətin adı ittiham aktında açıqlanmasa da, o, "ABŞ-ın müxtəlif yerlərində, o cümlədən Palo Altoda ofisləri olan, səhmləri birjada satılan iri texnologiya və müdafiə şirkəti" kimi təsvir edilib.

İttiham aktına əsasən, Dyu 2026-cı ilin iyununda Türkiyədən Meksikaya səyahət edib, oradan isə qeyri-qanuni yollarla ABŞ sərhədini keçib. O, burada Rusiyada olan şərikləri ilə "Telegram" vasitəsilə əlaqə saxlayıb.

Sənəddə qeyd olunur ki, şərikləri Dyuya şirkət əməkdaşları haqqında məlumat toplamaq və şirkətin Palo Altodakı ofisinin yaxınlığındakı bir kafeyə gedərək, "əməkdaşların işlədiyi zaman noutbuk ekranlarının şəkillərini çəkmək" tapşırığını veriblər.

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, oktyabr ayında FTB agentləri Dyunun Şərqi Palo Altodakı evinə basqın edərkən, onun üzərindən 18 000 dollar nağd pul, "Hugo Landry Johns" adına hazırlanmış saxta ABŞ pasportu və iki Rusiya pasportu aşkar edilib. O, baş prokurora məlumat vermədən xarici hökumətin agenti qismində fəaliyyət göstərməkdə təqsirli bilinərsə, 10 ilə qədər həbs cəzası ala bilər; bundan əlavə, xarici hökumətin agenti qismində fəaliyyət göstərmək üçün sui-qəsd (əlbir olma) ittihamı ilə 5 il, izləmə (təqib etmə) ittihamı ilə 5 il və fırıldaqçılıq ittihamı ilə 1 il həbs cəzası ilə üzləşə bilər.

D’iu-nun noyabrın 24-də federal məhkəmə qarşısına çıxması nəzərdə tutulub.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:11