Pakistanın İqlim Dəyişikliyi naziri Hindistana səfərə gedir

Pakistanın İqlim Dəyişikliyi naziri Musadik Malik Baş nazirin müavini və Xarici İşlər naziri İshaq Dar ilə vacib görüş keçirib. Bu görüş, davam edən gərginlik fonunda Pakistan və Hindistan arasında əhəmiyyətli bir diplomatik təmas sayılır. Musadik Malik bu həftə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Sivilizasiyalararası Dialoq" tədbirində iştirak etmək üçün Yeni Dehliyə səfər edəcək.
Bu barədə Pakistan yerli mediası xəbər verir.
20-22 noyabr tarixlərində baş tutacaq bu səfər, 2023-cü ilin may ayında o vaxtkı xarici işlər naziri Bilaval Bhutto Zardarinin ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qoaya səfərindən bəri bir Pakistan federal nazirinin Hindistana ilk səfəri olacaq. Bu, həmçinin ötən ilin may ayında nüvə silahına malik iki qonşu ölkə arasında baş vermiş hərbi qarşıdurmadan bəri həyata keçirilən ilk belə səfərdir.
Sözügedən səfər sərhədin hər iki tərəfində ciddi maraq və müzakirələrə səbəb olub. Hindistanda müxalifətdə olan Konqres Partiyası, ikitərəfli münasibətlərdəki gərginliyin davam etməsinə baxmayaraq, Narendra Modi hökumətinin bir Pakistan nazirini dəvət etmək qərarını sual altına alıb.
Manish Tevari və keçmiş xarici işlər naziri Salman Xurşid də daxil olmaqla, Konqres Partiyasının liderləri hökumətin Pakistana yanaşmasını tənqid edərək, "Pahalgam hücumu"ndan bəri nələrin dəyişdiyini və bu təması nəyin əsaslandırdığını sorğulayıblar.
Rəsmi məlumatlara görə, İshaq Dar çərşənbə günü Xarici İşlər Nazirliyində Musadik Maliklə görüşüb və tərəflər Pakistanın ŞƏT tədbirində iştirakı məsələsini müzakirə ediblər. Diplomatik mənbələrin bildirdiyinə görə, İqlim Dəyişikliyi naziri Yeni Dehliyə yola düşməzdən əvvəl Baş nazirin müavinindən müəyyən tövsiyələr və fikirlər alıb.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, İshaq Dar Pakistanın – ŞƏT Dövlət Başçıları Şurasının hazırkı sədri qismində – üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə, mədəni mübadilələrin təşviqinə və xalqlararası əlaqələrin gücləndirilməsinə sadiq qaldığını bir daha vurğulayıb.
Bu görüş xüsusi əhəmiyyət kəsb edir, çünki 2025-ci ilin may ayında baş vermiş dörd günlük hərbi qarşıdurmadan sonra Pakistan və Hindistan arasında diplomatik dalan davam edir. Münaqişədən bəri atəşkəs qüvvədə qalsa da, münasibətlərin normallaşdırılması və ya rəsmi dialoq prosesinin bərpası istiqamətində çox az irəliləyiş əldə olunub.
Hindistan, 2025-ci ilin aprelində baş verən və Yeni Dehlinin Pakistani günahlandırdığı "Pahalgam hücumu"ndan sonra diplomatik əlaqələrin səviyyəsini aşağı salıb, "İndus Suları Müqaviləsi"ni dayandırıb və bir sıra ikitərəfli təmaslara son qoyub. İslamabad iddiaları rədd etdi və ikitərəfli ticarətin dayandırılması və hava məkanının Hindistan aviaşirkətlərinə bağlanması da daxil olmaqla bir sıra əks tədbirlərlə cavab verdi.
Su mübahisəsi o vaxtdan bəri daha bir əsas mübahisə mənbəyinə çevrilib və Pakistan dəfələrlə Hindistanın çay sularındakı payını məhdudlaşdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
Hazırda iki ölkə arasında hərtərəfli ikitərəfli dialoq yoxdur, diplomatik əlaqələr isə məhdud olaraq qalır. Hər iki tərəf, xüsusən də Cammu və Kəşmir məsələlərində öz mövqelərini qoruyub saxlayıb.
Bu fonda, səfər hər hansı ikitərəfli əlaqələrin bir hissəsi kimi deyil, çoxtərəfli çərçivədə baş tutsa da, Musadikin ŞƏT dialoqunda iştirakı diqqətlə izlənilir.
Tədbirdə ŞƏT üzv dövlətlərinin nümayəndələri sivilizasiya dialoqu və mədəni anlaşmanı müzakirə etmək üçün bir araya gələcək. Hindistan bütün on üzv dövləti ilk toplantıya dəvət edib.
Pakistanın 2027-ci ilin avqust ayında İslamabadda ŞƏT Dövlət Başçıları Şurasının zirvə toplantısına ev sahibliyi etməsi planlaşdırılır və bu, Yeni Dehli tədbirindəki iştirakına daha bir ölçü qatacaq.
Bu səfər özlüyündə ikitərəfli münasibətlərdə irəliləyiş əlaməti olmasa da, diplomatik kanalların əsasən dondurulmuş qaldığı bir vaxtda iki ölkə arasında əlaqələr üçün fürsət yaradır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:45


























