Danimarka parlamenti ABŞ və Qrenlandiya ilə təhlükəsizlik sazişini ratifikasiya edib

Danimarka parlamenti cümə axşamı günü ABŞ və Qrenlandiya ilə sentyabr ayında imzalanmış təhlükəsizlik sazişini ratifikasiya etdi. Bu addım, ABŞ Prezidenti Donald Trampın geniş Arktika adasını özünə birləşdirmək istəyi ilə əlaqədar yaranmış gərginliyi yumşaldır.
Danimarkanın 179 yerlik parlamenti – Folketingdə səsvermədə iştirak edən 109 deputatın hamısı sənədin lehinə səs verdi.
Parlamentdə sənədin ikinci oxunuşundan sonra keçirilən səsvermə heç bir müzakirə və ya etiraz olmadan baş tutdu.
Noyabrın əvvəlində Qrenlandiya parlamenti də sənədi 16 səslə qəbul etmiş, yeddi deputat isə bitərəf qalmışdı.
Sentyabrın 22-də Nyu-Yorkda imzalanmış bu saziş, ABŞ-ın Qrenlandiyadakı hərbi mövcudluğu ilə bağlı 1951-ci il tarixli razılaşmanı tamamlayır.
Saziş ABŞ-a Qrenlandiyada iki hərbi baza tikməyə icazə verir. Eyni zamanda, Çin və ya Rusiyanın – xüsusilə investisiyalar vasitəsilə – bu ərazi üzərində təsir gücü qazanmasının qarşısını almaq məqsədilə, Avropa İttifaqı və NATO-ya daxil olmayan ölkələrin strateji sektorlara girişi məhdudlaşdırılır.
Qrenlandiya Danimarkanın muxtar ərazisi olsa da, saziş Qrenlandiyanın tam müstəqillik qazanacağı təqdirdə belə qüvvədə qalacaq.
2025-ci ilin yanvarında yenidən prezidentlik vəzifəsinə qayıtdıqdan sonra Tramp strateji səbəblərə görə ABŞ-ın Qrenlandiyaya nəzarət etməli olduğunu dəfələrlə vurğulamışdı. Bu bəyanatlar NATO müttəfiqi Danimarkanı və digər tərəfdaşları narahat etmişdi.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:33


























