AzTU Pakistanın Milli Elm və Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) Pakistanda səfərdə olan nümayəndə heyəti Pakistanın Milli Elm və Texnologiya Universitetini (NUST) ziyarət edib.
Bu barədə AzTU məlumat yayıb.
Nümayəndə heyətində tədris məsələləri üzrə prorektor Sübhan Namazov və Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov təmsil olunublar.

NUST-un akademik məsələlər üzrə prorektoru Osman Hasanla görüşdə iki universitet arasında təqaüd imkanları, müəllim və tələbə mübadiləsi, eləcə də birgə elmi məqalələrin nəşri məsələləri müzakirə olunub. Həmçinin səfər NUST və AzTU arasında inkişaf edən əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığın gücləndirilməsi üçün tələbə və müəllim heyəti arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra nümayəndə heyəti NUST-un Fənlərarası Mühəndislik və Elmlər Məktəbində (SINES), İnkişaf etməkdə olan Texnologiyalar Mərkəzində (CEMTECH), Süni İntellekt üzrə Milli Mərkəzdə (NCAI) və Milli Elm və Texnologiya Parkında (NSTP) olub.
AzTU nümayəndələri NUST-un multidissiplinar təhsil, tədqiqat və innovasiya ekosistemi ilə yaxından tanış olublar.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:09


























