Şimali Koreyaya məxsus üzərində "sahil mühafizəsi" yazısı olan gəmi Cənubi Koreya qoşunların fəaliyyətini izləyir

Cənubi Koreya ordusu bazar ertəsi günü bildirib ki, Sarı dənizdəki Şimali Sərhəd Xətti (NLL) yaxınlığında üzərində "sahil mühafizəsi" yazısı olan Şimali Koreya gəmisinin görülməsi barədə mediada yayılan xəbərlərdən sonra, ölkə hərbçiləri dəniz sərhədi yaxınlığındakı Şimali Koreya qoşunlarının hərəkətlərini izləyirlər.
Daha əvvəl yerli qəzetlərdən biri xəbər vermişdi ki, ötən həftə iki Koreya arasındakı faktiki dəniz sərhədi yaxınlığında üzərində "sahil mühafizəsi" yazısı olan bir gəmi görülüb. Bu, sözügedən yazının daşındığı müşahidə olunan ilk Şimali Koreya gəmisi olub.
Məlumatda qeyd olunur ki, gəmi 76 millimetrlik dəniz artilleriyasına bənzər silahla təchiz edilib və onun yaxınlıqdakı Çin balıqçı gəmilərini izlədiyi ehtimal olunur.
Silahlı Qüvvələrin Birləşmiş Qərargahının (JCS) sözçüsü kapitan Canq Do-yonq mətbuat brifinqində bildirib: "Ordumuz Şimali Koreya qüvvələrinin fəaliyyətini yaxından izləyir və müşahidə edir".
Canq, aşkarlanan gəminin rolu və məqsədi barədə ətraflı məlumat vermədən qeyd edib ki, "Şimali Koreya gəmilərinin ön xətt dəniz bölgələrindəki fəaliyyəti ordumuzun müşahidə sistemləri vasitəsilə real vaxt rejimində izlənilir".
Şimali Koreya lideri Kim Çen In mart ayında, ictimai təhlükəsizlik qüvvələrinin ənənəvi olaraq polis funksiyalarını yerinə yetirdiyi ölkədə xüsusi polis sisteminin tətbiqi ilə bağlı planlarını açıqlayıb.
Bu addım, bir çox ölkədə mövcud olan polis sistemini qəbul etməklə, özünü "normal bir dövlət" kimi təqdim etmək səylərinin bir hissəsi kimi qiymətləndirilib.
Kim Çen In martın 23-də yeni seçilmiş Ali Xalq Məclisinin iclasında bildirib ki, məqsəd "milli təhlükəsizliyi və sosial sabitliyi təmin etmək üçün hüquqi tənzimləmələri yeniləmək, daha səmərəli və praktiki təşkilati sistemlər qurmaqla hüquqi və sosial sistemlərimizi daha da möhkəmləndirmək və inkişaf etdirməkdir".
Dövlət idarəçiliyində polis sisteminin "zəruri" olduğunu vurğulayan Kim, ölkəni ictimai asayişin qorunması istiqamətində səyləri gücləndirməyə çağırıb.
Kim həmçinin, polis sistemi rəsmi olaraq qurulduqdan sonra sosial təhlükəsizlik qüvvələrinin polis qüvvələrinə çevrilməsi üçün hərtərəfli hazırlıq görülməsi barədə göstəriş verib. Bu, ictimai asayişə nəzarət edən Sosial Təhlükəsizlik Nazirliyinin polis qurumuna çevrilə biləcəyinə işarə edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:48


























