Şahzadə Mulay Rəşid Mərrakeş Film Festivalında kral şam yeməyinə sədrlik edib

Mərrakeş Beynəlxalq Film Festivalı Fondunun prezidenti Şahzadə Mulay Rəşid, Şahzadə Lalla Ümkülsüm ilə birlikdə, Mərrakeşdəki Əl-Bədi sarayında Kral VI Məhəmmədin ev sahibliyi etdiyi və festivalın 23-cü buraxılışının rəsmi açılışını qeyd edən şam yeməyinə sədrlik edib.
Gəlişləri zamanı kral cütlüyü fəxri qarovul dəstəsinə baxış keçirib, daha sonra onları Gənclər, Mədəniyyət və Kommunikasiya naziri Məhəmməd Mehdi Bensaid, Turizm naziri Cəlal Şərəf, Mərrakeş-Safi regionunun qubernatoru Xətib Əl-Həbil və regional şuranın sədri Samir Qudar qarşılayıblar.
Daha sonra Şahzadə Mulay Rəşid və Şahzadə Lalla Ümkülsüm fəxri qəbul zalına keçiblər; burada onlara festivalın beynəlxalq münsiflər heyətinin üzvləri, xarici kino ulduzları, həmçinin Mərakeşdən və digər ölkələrdən olan tərəfdaşlar təqdim olunub.
Bu ilki müsabiqə münsiflər heyətinə "Oskar" mükafatlı fransız aktrisası Marion Kotiyar sədrlik edir. Heyətin tərkibinə mərakeşli kinematoqrafçısı Səid Hamiş Benlarbi, tunisli rejissor Kövsər Ben Haniya, fransız aktyoru Jil Lelluş və britaniyalı kinematoqrafçı Endryu Heyq daxildir.
Doqquz nəfərdən ibarət münsiflər heyəti festivalın ən yüksək mükafatı olan "Étoile d’Or" (Qızıl Ulduz) uğrunda mübarizə aparan 14 tammetrajlı filmi qiymətləndirəcək. Seçim zamanı əsasən rejissorların birinci və ya ikinci tammetrajlı filmlərinə üstünlük verilib.
Kral VI Məhəmmədin ali himayəsi altında keçirilən festival cümə axşamı axşam saatlarında Mərrakeşdəki Konqres Sarayında (Palais des Congrès) rəsmi olaraq açılıb. Tədbir kino, incəsənət, mədəniyyət və media sahələrindən tanınmış Mərakeş və beynəlxalq simaları bir araya gətirib.
Noyabrın 28-dək davam edəcək festival çərçivəsində beynəlxalq filmlərin nümayişi, xüsusi ehtiram tədbirləri, kinematoqrafçılarla söhbətlər və yeni istedadlı kino xadimlərini dəstəkləyən peşəkar inkişaf proqramları təşkil olunacaq.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:42


























