5 Asiyalı milyarder bir gün ərzində dünyada ən böyük sərvət itkisinə məruz qalıb

Bazar ertəsi günü beş asiyalı milyarder dünyada ən böyük sərvət itkilərini qeydə alıb; onların ümumi sərvəti 4,3 milyard ABŞ dollarından çox azalıb.

Mukeş Ambani (Hindistan)
Hindistanın ən varlı adamı Mukeş Ambani ən böyük itkiyə məruz qalan şəxs olub. Onun sərvəti 1,3 milyard dollar azalaraq 94,7 milyard dollara düşüb və nəticədə o, qlobal sərvət reytinqində 21-ci yerə geriləyib.
Onun əsas konqlomeratı olan "Reliance Industries"in səhmləri bazar ertəsi 1,7% ucuzlaşıb və bununla da ilin əvvəlindən bəri ümumi eniş 14%-ə çatıb. "Upstox" ticarət platformasının məlumatına görə, onlayn pərakəndə satış biznesində xərclərin artması, eləcə də ilin əvvəlində Yaxın Şərqdəki münaqişə fonunda yanacaq qiymətlərinin kəskin yüksəlməsi səhmlərə mənfi təsir göstərib.
Ambani, atası Dhirubhay tərəfindən 1966-cı ildə kiçik bir tekstil istehsalçısı kimi əsası qoyulmuş "Reliance" şirkətinə rəhbərlik edir. Hazırda şirkətin fəaliyyət sahələrinə neft emalı, neft-kimya, pərakəndə satış və telekommunikasiya daxildir.
Ambaninin ən böyük investisiyalarından biri "Reliance"ı mobil rabitə və genişzolaqlı internet sahəsinə çıxaran "Jio" olub. COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər dövründə o, "Jio"nun təxminən üçdə bir hissəsini "Facebook" və "Google" kimi investorlara sataraq 20 milyard dollardan çox vəsait cəlb edib.
Ötən ay "Jio Platforms" 3,2 milyard dollarlıq ilkin kütləvi təkliflə (IPO) birjaya çıxıb ki, bu da Hindistan tarixində ən böyük göstəricidir. Şirkətin bazar dəyəri 137 milyard dollara çatıb və bununla da o, "Reliance"ın özündən sonra Hindistanın birjada siyahıya alınmış ən dəyərli ikinci şirkəti olub.
Bu hadisə həmçinin Ambaninin övladlarının ailə biznesindəki rolunu da önə çıxarıb. Mukeş "Jio Platforms"un sədri vəzifəsini davam etdirir, onun böyük oğlu Akaş isə idarəedici direktor kimi fəaliyyət göstərir və 2022-ci ildən şirkətin telekommunikasiya törəmə müəssisəsinə rəhbərlik edir.
Akaş və onun bacı-qardaşları 2023-cü ildə "Reliance"ın Direktorlar Şurasına qoşulublar. Onun əkiz bacısı İşa pərakəndə satış və maliyyə xidmətlərinə, kiçik qardaşı Anant isə enerji sahəsinə cavabdehdir.

Cey Y. Li (Cənubi Koreya)
"Samsung Electronics"in İcraçı sədri Cey Y. Li ən böyük ikinci itkini qeydə alıb. Onun sərvəti 978 milyon dollar azalaraq 23,9 milyard dollara düşüb və o, dünya üzrə 101-ci yerdə qərarlaşıb.
Bazar ertəsi "Samsung"un səhmləri 3,06% ucuzlaşıb, bununla da son altı ay ərzində ümumi eniş 39,3%-ə çatıb. Satış dalğası, süni intellekt (Sİ) xərcləri ilə bağlı narahatlıqların ABŞ texnologiya şirkətlərinin səhmlərinə sirayət etməsi ilə başlayıb. İnvestorlar, "Samsung"un yaddaş çiplərini alan şirkətlərin, bu xərc tempini qoruyub saxlamaq üçün süni intellektə qoyduqları sərmayələrdən kifayət qədər gəlir əldə edib-etməyəcəkləri ilə bağlı şübhələrini ifadə edirlər.
"Investing.com" məlumat platformasının baş analitiki Tomas Monteiro bildirib: "Google, bir vaxtlar axtarış reklamlarından gəlir əldə etdiyi kimi, süni intellekt xidmətlərindən də ödəniş ala biləcəyini sübut etməyənə qədər, şirkətin açıqladığı hər bir kapital xərcləri proqnozu iddialı bir hədəfdən daha çox, ödənilməli olan bir hesab kimi qəbul ediləcək".
Həm "Samsung", həm də onun rəqibi "SK hynix" rekord mənfəət əldə etmələrinə baxmayaraq, süni intellekt şirkətlərinin borc səviyyələri ilə bağlı narahatlıqlar hər iki şirkətin səhmlərinə mənfi təsir göstərib. Əgər iri texnologiya şirkətlərinin investisiya üçün vəsaitləri azalsa, yaddaş çipləri bazarındakı canlanma da səngiyə bilər.
"Korea JoongAng Daily" qəzetinin sitat gətirdiyi "BNK Securities" analitiki Li Min-hi bildirib: "İri texnologiya şirkətlərinin süni intellekt infrastrukturu sahəsindəki investisiya artımının bu ilin üçüncü rübündə zirvəyə çatacağı gözlənilir".
"Onların sərbəst pul axınındakı pisləşmə və kapital cəlb etməkdəki çətinliklər davam edəcək".
Cey Y. Li, atası Li Kun-hinin vəfatından iki il sonra, 2022-ci ildə İcraçı sədr vəzifəsinə gəlib. Bu il Li, anası və iki bacısı, mərhum sədrin mirası ilə bağlı beş illik miras vergisi öhdəliyini yerinə yetirərək, ümumilikdə 12 trilyon von (8,9 milyard dollar) məbləğində vergini altı hissəyə bölünmüş şəkildə ödəyib başa çatdırıblar.

Skay Xu (Çin)
Çinin moda pərakəndə satış şirkəti "Shein"in həmtəsisçisi və baş icraçı direktoru (CEO) Skay Xu bazar ertəsi 908 milyon dollar itirib; bu, dünyada qeydə alınan ən böyük üçüncü azalma olub. Onun sərvəti 6,1 milyard dollar təşkil edib. Xu 1984-cü ildə Çinin Şandun əyalətində anadan olub; onun tam adı Xu Yanqtiandır. "Shein"i yaratmazdan əvvəl o və üç həmtəsisçisi ixracatçılara axtarış sistemləri vasitəsilə müştərilərə çatmaqda kömək edən bir şirkətdə birlikdə çalışıblar.
Xu 2012-ci ildə qadın geyimləri satmaq üçün "SheInside" veb-saytını qeydiyyatdan keçirdi, 2015-ci ildə isə adı qısaldaraq "Shein" etdi. Bu pərakəndə satış şirkəti "Z nəsli" (Gen Z) nümayəndələri arasında geniş auditoriya qazandı və hazırda 150-dən çox ölkədə geyim satışı həyata keçirir.
"Reuters" agentliyinin məlumatına görə, "Shein" 2022-ci ildə baş ofisini Sinqapura köçürdü, lakin təchizat zəncirinin böyük hissəsi hələ də Çində qalır. Nyu-York və Londonda birjaya çıxmaq üçün əvvəllər göstərilən cəhdlərdən sonra, şirkətin səhmləri sentyabrın 1-dən etibarən Honkonqda ticarət olunmağa başladı.

Çen Tszyanxua (Çin)
Çinli milyarder Çen Tszyanxua ən böyük itkiyə məruz qalanlar siyahısında dördüncü yerdə qərarlaşıb; onun sərvəti 615 milyon dollar azalaraq 23,3 milyard dollara düşüb. O, Çinin ən böyük neft-kimya şirkətlərindən biri olan "Hengli Group"a rəhbərlik edir.
Çen və onun keçmiş mühasib olan həyat yoldaşı Fan Honqvey fəaliyyətlərinə tekstil və ipək ticarəti ilə başlayıblar. 1994-cü ildə onlar Tszyansu əyalətində çətin vəziyyətdə olan dövlət kimyəvi lif zavodunu öz idarəetmələrinə götürüblər.
Cütlük parça toxuculuğundan tekstil müəssisələrində istifadə olunan liflərin və neft-kimya məhsullarının istehsalına keçərək fəaliyyət dairəsini genişləndirib. Özü də milyarder olan Fan, qrupun Şanxay birjasında listinqə malik olan "Hengli Petrochemical" şirkətinə rəhbərlik edir. Baş şirkətin həmçinin daşınmaz əmlakın inkişafı və turizm sahələrində də maraqları var.

Seo Çonq-çin (Cənubi Koreya)
Cənubi Koreyalı əczaçılıq maqnatı Seo Çonq-çin ilk beşliyi tamamlayır. "Celltrion" şirkətinin rəhbərinin sərvəti 545 milyon dollar azalaraq 9,5 milyard dollara düşüb.
Seo, keçmiş iş yeri olan "Daewoo Motor" şirkəti müflis olduqdan sonra, 2002-ci ildə Cənubi Koreyanın dərman istehsalçısı "Celltrion"un həmtəsisçisi olub. O, 2008-ci ildə "Celltrion"u birjaya çıxarıb və sərvətini mövcud bioloji dərmanlara çox oxşar şəkildə hazırlanmış preparatlar – biosimilarlar hesabına qurub.
"Celltrion"un məhsul portfelinə revmatoid artrit və xərçəng xəstəliklərinin müalicəsində istifadə olunan preparatlar daxildir. 2021-ci ildə Seo, "Forbes"in Cənubi Koreyanın ən varlı insanları siyahısında birinci yeri tutan, öz sərvətini sıfırdan quran ilk milyarder olub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:00


























