Pakistanın ilk astronavtı Zişan Əli "Shenzhou-24" missiyası ilə tarixi uçuşa hazırlaşır

Pakistan kosmosun tədqiqində yeni bir mərhələyə qədəm qoymağa hazırlaşır. Ölkənin ilk astronavtı Məhəmməd Zişan Əli çərşənbə günü "Shenzhou-24" missiyası çərçivəsində Çinin "Tiangong" kosmik stansiyasına yola düşəcək. Bu, Pakistanın heyətli kosmik uçuşda ilk iştirakı olacaq.
Çin İnsanlı Kosmos Agentliyi (CMSA) çərşənbə axşamı uçuşdan əvvəl keçirilən mətbuat konfransında bildirib ki, "Shenzhou-24" kosmik gəmisinin noyabrın 25-i, Pekin vaxtı ilə səhər saat 08:18-də (Pakistan vaxtı ilə 05:18-də) Çinin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən havaya qalxması planlaşdırılır.
Zişan Əli çinli astronavtlar Tanq Honqbo və Vu Yi ilə birlikdə "faydalı yük üzrə mütəxəssis" qismində missiyaya qoşulacaq. O, Çinin "Tiangong" kosmik stansiyasına səfər edən ilk xarici astronavt və kosmosa uçan ilk Pakistan vətəndaşı olacaq.
Missiyaya Tanq Honqbo rəhbərlik edəcək, Vu Yi isə uçuş mühəndisi kimi fəaliyyət göstərəcək. Daha əvvəl "Shenzhou-12" və "Shenzhou-17" missiyalarında iştirak etmiş Tanq, "Tiangong" stansiyasına üç dəfə səfər edən ilk astronavt olacaq. Missiya ilə bağlı verilən məlumata görə, Çinin üçüncü qrup astronavtlarından olan Vu Yi üçün bu, ilk kosmik uçuş olacaq.
Pakistanlı mütəxəssis qısamüddətli missiya həyata keçirəcək və əsasən Pakistan-Çin əməkdaşlığı çərçivəsində elmi təcrübələr aparacaq. Onun vəzifələrinə heyətin gündəlik fəaliyyətlərində iştirak etmək, təcrübə nümunələrini və tədqiqat avadanlıqlarını quraşdırmaq, həmçinin orbitdəki laboratoriyada planlaşdırılmış təcrübələri yerinə yetirmək daxildir.
Elmi işlər, Pakistanın müxtəlif universitetləri tərəfindən Kosmos və Yuxarı Atmosfer Tədqiqatları Komissiyasına (SUPARCO) təqdim edilmiş 300-dən çox təklif arasından Çin qurumları tərəfindən seçilmiş dörd biotexnologiya təcrübəsinə əsaslanacaq.

SUPARCO rəsmilərinin daha əvvəl "Reuters" agentliyinə verdiyi məlumata görə, bu təcrübələr ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı tədqiqatlara yönəlib.
SUPARCO-dan verilən məlumata görə, Zişan Əli Çin kosmik stansiyasında təxminən bir həftə keçirdikdən sonra "Shenzhou-23" kosmik gəmisi ilə Yerə qayıdacaq. Birgə missiyaya hazırlaşmaq üçün Çin rəsmiləri pakistanlı astronavtın kosmik gəmi və kosmik stansiya əməliyyatları, elmi təcrübə prosedurları və fövqəladə hallara reaksiya sahələrindəki ixtisas hazırlığını gücləndirdilər.
Ekipaj üzvləri həmçinin əməliyyat koordinasiyası, prosedurların ötürülməsi və texniki problemlərin həllinə yönəlmiş birgə təlimlərdə iştirak etdilər.
Dil hazırlığı da hazırlıq prosesinin mühüm bir hissəsi idi; belə ki, dəqiq ünsiyyəti və prosedurların düzgün icrasını təmin etmək məqsədilə Əli Çin dilindəki əmrlər və texniki terminologiya üzrə təlim keçdi.
Çin Astronavt Mərkəzi həmçinin pakistanlı astronavtın dil və qidalanma xüsusiyyətlərini nəzərə alaraq, Çin və ingilis dillərində istismar təlimatları hazırladı və onun üçün "halal" kosmik qidalar təmin etdi. Çin kosmik proqramı ilə bağlı hesabatlara əsasən, noyabrın 21-də Jiuquan (Szyutsyuan) kosmodromunda keçirilən və bütün sistemləri əhatə edən yekun buraxılış məşqi zamanı bu tədbirlər xüsusi qeyd olunub.
Bu missiya, Çinin insanlı kosmik uçuşlar proqramı tarixində çinli və xarici astronavtların iştirak etdiyi ilk birgə ekipajlı kosmik uçuşdur. Eyni zamanda, "Tyanqun" (Tiangong) stansiyası xarici astronavtı qəbul edən ilk Çin kosmik stansiyası olacaq.
Sözügedən missiya, Pakistan və Çin arasında kosmosun tədqiqi sahəsində genişlənən əməkdaşlığın kulminasiya nöqtəsidir. İki ölkə 2025-ci ilin fevral ayında pakistanlı astronavtların seçilməsi və Çin kosmik stansiyası missiyalarında iştirakı üçün hazırlanması barədə saziş imzalayaraq, seçim prosesinə rəsmən start vermişdi.
Üç mərhələli seçim və qiymətləndirmədən sonra Əli və Xürrəm Davud ehtiyat astronavt namizədləri kimi seçildilər və Çində təlimlərini başa vurdular. Əli tarixi uçuş üçün əsas heyətə təsdiqləndi, Davud isə onun əvəzedicisi (dublyoru) qismində çıxış edəcək.
"Şençjou-24" (Shenzhou-24) missiyası həmçinin Çin stansiyasındakı ekipaj rotasiyasında dəyişikliyə səbəb olacaq. Ekipaj seçimi ilə bağlı açıqlanan təfərrüatlara əsasən, "Şençjou-23" (Shenzhou-23) heyətindən olan astronavt Çju Yançju (Zhu Yangzhu) orbitdə bir il davam edəcək tədqiqat proqramı çərçivəsində "Tyanqun" stansiyasında qalacaq.
Kosmik gəmi və onun "Long March-2F" (Çançjen-2F) daşıyıcı raketi noyabrın 17-də buraxılış meydançasına çatdırıldı, dörd gün sonra isə bütün sistemləri əhatə edən yekun məşq uğurla başa çatdırıldı. Çin rəsmiləri çərşənbə axşamı keçirilən brifinqdə bildirdilər ki, kosmik gəmi və raket nəzarət altındadır, ekipajın vəziyyəti yaxşıdır, kosmik stansiya kompleksi normal işləyir və uçuşa hazırlıq işləri davam edir. Bu tarixi uçuşun Pakistanın insanlı kosmik uçuşlarda, elmi təcrübələrdə və beynəlxalq kosmik əməkdaşlıqda iştirakı üçün yeni imkanlar açacağı, həmçinin ölkənin Çinlə tərəfdaşlığını peyk istehsalı və digər kosmik texnologiya layihələri çərçivəsindən kənara çıxaracağı gözlənilir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:13


























