Diabet xəstələrinin insulin, dərman və tibbi vasitələrlə təminatı qaydaları dəyişib

Şəkərli diabet xəstələrinin insulin, şəkərsalıcı dərman preparatları və özünənəzarət vasitələri ilə təminatında yeni qaydalar müəyyənləşdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliklərə əsasən, 3-18 yaşlı uşaqların davamlı qlükoza monitorinqi cihazları üçün ayda 2 sensorla, aşağı dozada insulinə ehtiyacı olan 0-7 yaşlı uşaqların isə həkim təyinatı əsasında insulin pompası ilə təmin edilməsi nəzərdə tutulur. Dərman və tibbi vasitələrin alınması üçün reseptlər ayda 1 dəfə elektron formada tərtib ediləcək.
Qərarla şəkərli diabet xəstələrinə göstərilən illik tibbi yardımın həcmi, dərman və tibbi vasitələrin siyahısı və miqdarı, eləcə də onların təminatı qaydasına dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, illik tibbi yardım çərçivəsində endokrinoloq müayinəsinin dövriliyi cədvəldəki müvafiq kateqoriyalar üzrə müəyyənləşdirilib. Belə ki, iki kateqoriya üzrə endokrinoloq müayinəsi 3 ayda 1 dəfə, digər kateqoriya üzrə isə ayda 1 dəfə nəzərdə tutulub. Həmçinin “okulist” ifadəsi “oftalmoloq” sözü ilə əvəz edilib və illik tibbi yardım siyahısına ümumi cərrah müayinəsi əlavə olunub. Ümumi cərrah müayinəsi hər üç kateqoriya üzrə ildə 1 dəfə həyata keçiriləcək.
İnsulin təminatı ilə bağlı müəyyən edilib ki, bazal insulinin ümumi ehtiyacın 40 və ya 50 faizini, bolyus insulinin isə 50 və ya 60 faizini təşkil etməsi nəzərdə tutulur. İnsulinin gündəlik miqdarı həkim təyinatına və klinik göstərişlərə əsasən müəyyən ediləcək. Cədvəldə müvafiq kateqoriya üzrə gündəlik maksimum 80 vahid, pubertat dövründə olan uşaqlar üçün isə tələbatdan asılı olaraq maksimum 100 vahid insulin nəzərdə tutulub.
Qərarda qeyd edilir ki, birinci tip şəkərli diabet xəstələrində insulinə gündəlik tələbat sabit deyil. Bu tələbat xəstənin yaşından, bədən çəkisindən, böyümə mərhələsindən, hormonal dəyişikliklərdən və qlükoza göstəricilərindən asılı olaraq dəyişir. Buna görə də müasir tibbi yanaşmalara uyğun olaraq insulin terapiyası fərdiləşdirilməli, 1-2 vahid/kq hesabı ilə, yalnız həkim təyinatı və klinik göstərişlər əsasında tənzimlənməlidir.
Kombinə olunmuş terapiya alan xəstələr üçün gündəlik 40 vahid insulin nəzərdə tutulur. Həkim təyinatı və klinik göstərişlərə əsasən bu miqdar gündəlik maksimum 80 vahidədək müəyyən edilə bilər.
Şəkərsalıcı həblərin təminatı ilə bağlı da miqdarlar dəqiqləşdirilib. Sulfanilsidik cövhəri törəmələri, biquanidlər, SGLT 2 inhibitorları və kombinə edilmiş preparatlar üzrə müvafiq kateqoriyalarda gündəlik 3 həbədək təminat nəzərdə tutulur. Digər kateqoriya üzrə isə gündə 2 həb hesabı ilə illik 730 həb müəyyən edilib.
GLP 1 reseptor aqonistlərinin təyinatı endokrin sistem xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə ixtisaslaşmış dövlət tibb müəssisələrinin rəyi əsasında, həkim təyinatı və klinik göstərişlərə uyğun həyata keçiriləcək. Cədvəldə digər müvafiq kateqoriya üzrə bu preparatların verilməsi həkim təyinatı və klinik göstərişlərlə əlaqələndirilib.
İnyeksiya vasitələrinin miqdarı da yenilənib. İnsan insulini alan şəxslər üçün birdəfəlik insulin şprislərinin illik sayı 144 ədəd müəyyən edilib. İnsulin qələmləri üçün ucluqlar böyüklərə illik 365 ədəd, 0-18 yaşlı uşaqlara isə 730 ədəd veriləcək. Cədvəldə digər müvafiq kateqoriya üzrə də birdəfəlik insulin şprisləri üçün illik 144 ədəd, insulin qələmlərinin ucluqları üçün isə 365 ədəd nəzərdə tutulub.
Özünənəzarət vasitələri üzrə qlükometrlər bütün müvafiq kateqoriyalar üçün 3 ildə 1 dəfə veriləcək. Yeni təqdim olunan cihazın istifadə müddəti ərzində nasazlıq yaranarsa, onu verən tibb müəssisəsi məsələni araşdırmalı və cihazı yenisi ilə əvəz etməlidir.
Qanda şəkərin təyin edilməsi üçün test-striplərin hər qutusunda 50 ədəd olacaq. Onların verilməsi müvafiq kateqoriyalar üzrə ayda 1 qutu, 2 ayda 1 qutu və ayda 1 qutu olmaqla müəyyənləşdirilib.
Davamlı qlükoza monitorinqi cihazları (CGM) istifadə olunan cihazın rəsmi yaş icazəsindən asılı olaraq 3-18 yaşlı uşaqlara ayda 2 sensor olmaqla veriləcək. Cədvəldə digər iki kateqoriya üzrə bu cihazların təminatı nəzərdə tutulmayıb.
İnsulin pompası isə aşağı dozada insulinə ehtiyacı olan 0-7 yaşlı uşaqlara həkim təyinatı əsasında veriləcək. Pompanın məsrəflərinin qarşılanması dövlət tərəfindən insulin pompası ilə təmin edilmiş şəxslərə şamil olunacaq. Digər iki kateqoriya üzrə insulin pompası və onun məsrəflərinin təminatı nəzərdə tutulmur.
Qərarla diabet xəstələrinin dərman və tibbi vasitələrlə təminatı prosedurunda da dəyişiklik edilib. Belə ki, xəstələrə yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin – ərazi poliklinikasının və ya rayon xəstəxanasının ailə həkimi, yəni sahə həkimi-terapevt və ya sahə həkimi-pediatr tərəfindən resept yazılacaq. Resept endokrinoloqun təyin etdiyi müalicə sxeminə uyğun olaraq ayda 1 dəfə elektron sənəd formasında tərtib ediləcək.
Resept hazırlanarkən xəstənin sağlamlıq vəziyyətində dəyişiklik və ya hər hansı şikayət müəyyən olunarsa, ailə həkimi onu ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün endokrinoloqa göndərəcək.
Dərman və tibbi vasitələrin verilməsi üçün reseptin nüsxəsi deyil, reseptin özü əsas götürüləcək. Təminat endokrinoloji mərkəzlərin aptek bölmələri, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən müəyyən edilən siyahıya daxil edilmiş dövlət tibb müəssisələrində yaradılan aptek məntəqələri vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, təminatla bağlı xərclərin maliyyələşdirilməsi mənbəyi dəyişdirilib. Əvvəlki qaydada Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitin əvəzinə, bu məqsədlə “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaitindən istifadə ediləcək. (Trend)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:37


























