“ASAN xidmət”-in rəhbəri indoneziyalı nazirlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyəti tərəflər arasında 24 iyul 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində ölkəmizə səfər edib.
Memorandum çərçivəsində ASAN Xidmət modeli İndoneziya Respublikasına ixrac olunub. Hazırda İndoneziyada bu model əsasında yaradılmış 152 xidmət mərkəzi fəaliyyət göstərir.
İndoneziyalı nümayəndə heyəti üçün Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin dizaynı sahəsində görülən işlərə və “ASAN xidmət” mərkəzlərində tətbiq olunan rəqəmsal həllərə dair geniş təqdimat baş tutub.
Abdullah Anas öz növbəsində müvafiq Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Dövlət Agentliyi ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu, bununla bağlı növbəti illər üçün birgə fəaliyyət planının hazırlanmasının zərurətini, eləcə də İndoneziyada “ASAN xidmət” modelinin tətbiqinin dövlət xidmətləri sahəsində əlçatanlığın və vətəndaş məmnunluğunun artması ilə nəticələndiyini bildirib.
Qonaqlar “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, INNOLAND Incubation & Acceleration Center, ASAN İnnovativ İnkişaf Mərkəzi, Bilim Bakı mərkəzi ilə də tanış olublar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-10-2023, 11:15