mobil versiya

İran: Hörmüz boğazında iki tanker və bir yedək gəmisi yanıb






Yerli medianın cümə axşamı verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki neft tankeri və bir yedək gəmisinin yandığını açıqlayıb.

Fevralın 28-də İran müharibəsi başlayandan bəri Tehran, qlobal neft istehlakının təxminən beşdə birinin daşındığı bu strateji su yolundan keçidi ciddi şəkildə məhdudlaşdırıb.

Buna cavab olaraq ABŞ İran limanlarına blokada tətbiq edib və tankerlərin boğazdan keçməsinə kömək göstərib. ABŞ Mərkəzi Komandanlığı ötən ay bildirib ki, yay aylarından bəri Körfəz ölkələrinə Hörmüz vasitəsilə 1,5 milyard barel neft ixrac etməkdə yardımçı olub.

İİKK dövlətə bağlı "Fars" xəbər agentliyinə bildirib: "Dünən gecə iki ayrı hadisə zamanı, Hörmüz boğazının cənubundakı qeyri-qanuni keçiddən keçməyə cəhd edən iri neft tankeri minaya dəyərək alovlanıb və hərəkəti dayanıb".

"Digər bir supertanker isə Hörmüz boğazının şərq hissəsindən çıxarkən güclü yanğın səbəbindən dayanıb. Yanğını söndürmək üçün supertankerə yaxınlaşan yedək gəmisi də alovlanıb".

"Fars" agentliyi həmçinin xəbər verib ki, İİKK hərbi-dəniz qüvvələrinin radioelektron mübarizə bölməsi ABŞ istehsalı olan iki ədəd "LUCAS" (ingiliscə "Low-cost Uncrewed Combat Attack System" – "Aşağı xərcli pilotsuz döyüş-hücum sistemi" ifadəsinin qısaltması) tipli pilotsuz uçuş aparatını ələ keçirib.

Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:44