ÜST rəhbəri: Konqo Demokratik Respublikasındakı xəstəxanadan tibb işçiləri təxliyə edilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri çərşənbə axşamı bildirib ki, Konqo Demokratik Respublikasında (KDR) yerləşən bir xəstəxanada üç gün ərzində şiddətli döyüşlərdən sığınan tibb işçiləri oradan təxliyə olunublar.
Tedros Adhanom Qebreyesus bildirib ki, ÜST-nin, KDR Səhiyyə Nazirliyinin və digər qurumların əməkdaşları İturi əyalətinin Akve yaşayış məntəqəsindəki xəstəxananı tərk ediblər. İturi, KDR-də ölümcül Ebola epidemiyasının episentri hesab olunan əyalətdir.
Onlar orada "üç gündən artıq müddət ərzində şiddətli qarşıdurma fonunda" sığınacaq tapmışdılar və "çox çətin şəraitdə" təxliyə ediliblər.
BMT-nin səhiyyə qurumunun rəhbəri qeyd edib ki, təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən, ÜST əməkdaşları və tərəfdaşlarından ibarət Ebola ilə mübarizə qrupu "vəziyyət sabitləşənə qədər" müvəqqəti olaraq başqa yerə köçürülüb.
ÜST-nin məlumatına görə, Mərkəzi Afrikada yerləşən bu geniş ölkədə qeydə alınan və indiyə qədərki ən ağır Ebola epidemiyası nəticəsində 11 762 yoluxma halından 5 775-i ölümlə nəticələnib.
Virus KDR-in şərq və şimal-şərq bölgələrinin böyük bir hissəsinə yayılıb; həmin ərazilər artıq 30 ildən çoxdur ki, zorakılıq və münaqişələrdən əziyyət çəkir.
Tedros bazar günü bildirib ki, oktyabrın sonundan etibarən hücumların sayı artıb və bu, Ebola ilə mübarizə tədbirlərinə ciddi mənfi təsir göstərir.
May ayında başlayan və sürətlə yayılan bu epidemiyaya səbəb olan, Ebolanın daha az rast gəlinən "Bundibuqyo" (Bundibugyo) ştammına qarşı hazırda heç bir peyvənd və ya müalicə üsulu mövcud deyil.
İturidə "Bundibuqyo" ştammına qarşı iki potensial peyvəndin klinik sınaqlarına başlanması planlaşdırılır.
Bunlardan biri Oksford Universiteti və Hindistanın "Serum Institute of India" (SII) şirkəti tərəfindən hazırlanmış, adenoviral vektor texnologiyasına əsaslanan "ChAdOx1" peyvəndidir.
Digəri isə ABŞ-ın "Moderna" şirkəti tərəfindən hazırlanan və COVID-19 pandemiyası dövründə geniş tanınan mRNA texnologiyasından istifadə edən "mRNA-1469" peyvəndidir.
"Gavi" (Peyvənd Alyansı) çərşənbə axşamı elan edib ki, "ChAdOx1" peyvəndindən 1,5 milyon dozaya qədər əldə etmək məqsədilə "SII" və "Serum Life Sciences" şirkətləri ilə ilkin satınalma müqaviləsi imzalayıb.
Klinik sınaqlar uğurlu olarsa və peyvənd müvafiq tənzimləyici orqanlar tərəfindən təsdiqlənərsə, həmin dozalar tədarük ediləcək.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:44


























