mobil versiya

Britaniyalı haker "GTA 6" sızdırmalarına görə yeddi il müddətinə həbs edilib






Agence France-Presse (AFP) agentliyinin məlumatına görə, bazar ertəsi günü London məhkəməsi britaniyalı bir hakeri silsilə kiberhücumlarda iştirakına, o cümlədən "Grand Theft Auto 6" (GTA 6) oyununun planlaşdırılan buraxılış tarixindən illər əvvəl oyun görüntülərini sızdırmasına görə yeddi il müddətinə azadlıqdan məhrum edib.

Londondakı Vulviç Kral Məhkəməsinin (Woolwich Crown Court) hakimi Mark Terner bildirib ki, 21 yaşlı Arion Kurtaj artıq bir neçə il həbsdə olduğu üçün cəzasının qalan hissəsini həbsxanadan kənarda çəkə bilər.

Autizm spektrində olan Kurtaj keçən həftə 2021-2022-ci illər ərzində bir sıra iri şirkətlərə, o cümlədən "Grand Theft Auto" seriyasının yaradıcısı "Rockstar Games", telekommunikasiya şirkəti "BT Group", rəqəmsal bank "Revolut" və nəqliyyat xidməti şirkəti "Uber"ə qarşı kiberhücumlar etdiyini etiraf edib.

Hakim Terner törədilən əməlləri "iri şirkətləri hədəf alan mürəkkəb hücumlar" kimi xarakterizə edib. Təqsirləndirilən şəxsə müraciət edərək o, "Bir daha belə etmə", - deyə bildirib. Hakim əlavə edib ki, hökm çıxarılarkən "cinayətlərin ağırlığı, təqsirləndirilən şəxsin gənc yaşı" və səhhəti ilə bağlı vəziyyəti nəzərə alınıb.

Kurtaj hücumları həyata keçirən zaman hələ yeniyetmə idi və "Lapsus$" kimi tanınan haker qruplaşmasının fəal üzvlərindən biri idi.

AFP-nin Britaniya prokurorluğuna istinadən verdiyi məlumata görə, Kurtaj əvvəlcə "BT Group"a hücum etməkdə ittiham olunub və rəqib hakerlərdən qorunması üçün 2022-ci ilin sentyabrında bir otelə yerləşdirilib. Lakin o, otel otağından kiberhücumları davam etdirərək "Revolut", "Uber" və "Rockstar Games"i hədəf alıb.

Kurtaja "Rockstar"ın sistemlərinə sızmaq və çox gözlənilən "GTA 6" oyununa aid 90 video klipi əldə etmək üçün cəmi bir mobil telefon, otelin Wi-Fi şəbəkəsinə qoşulmuş televizor və "Amazon Fire TV Stick" cihazı kifayət edib.

Daha sonra o, sızdırdığı görüntüləri "TeaPotUberHacker" adlı hesab vasitəsilə internetdə yayımlayıb. Bu hadisə oyunun rəsmi təqdimatından bir ildən çox əvvəl baş verib və videooyun sənayesində geniş müzakirələrə səbəb olub. Bu sızma, 13 illik gözləyişdən sonra keçən həftə satışa çıxarılan GTA seriyasının altıncı hissəsi ilə bağlı "Rockstar"ın buraxılış strategiyasını pozdu.

Psixiatrlar Kurtajın məhkəmə qarşısına çıxmaq üçün yararlı olmadığını bildirsələr də, andlılar heyəti 2023-cü ildə onun kompüterdən sui-istifadə, fırıldaqçılıq və hədə-qorxu yolu ilə pul tələb etmə kimi bir sıra cinayət əməllərinə görə məsuliyyət daşıdığına qərar verdi.

Reportyor.az 





KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 15:43