mobil versiya

Fransanın xarici işlər naziri Ukraynanın Liviyadakı hücumlarını müdafiə edib







Fransanın xarici işlər naziri Jan-Noel Barro çərşənbə günü bildirib ki, Ukrayna Liviya sularında iki Rusiya gəmisinə hücum etməklə özünün “mütləq özünümüdafiə hüququ”ndan istifadə edib.

Həftəsonu baş verən və iki pilotsuz uçuş aparatının (PUA) iştirak etdiyi hücum nəticəsində Rusiyanın bir hərbi gəmisi batıb. Liviya tərəfi isə çərşənbə günü açıqlayıb ki, hücum zamanı xəsarət alan iki Liviya əsgəri həlak olub.

Ukrayna, hətta bəzi müttəfiqlərini belə təəccübləndirən bu gözlənilməz əməliyyatın arxasında özünün dayandığını təsdiqləyib. İtaliya bu hücumla bağlı Ukraynaya narahatlığını ifadə edib.

Lakin Barro TF1 telekanalına müsahibəsində deyib: “Gəlin özümüzü onların yerinə qoyaq. Əgər düşmən — işğalçı tərəfindən gecə-gündüz bombardman edilsəydik, biz nə edərdik?”

“Əlbəttə ki, biz özümüzü müdafiə edərdik — özümüzü qoruyar və bir növ, mütləq özünümüdafiə hüququmuzdan istifadə edərdik. Ukraynalılar da məhz bunu edirlər”, — deyə o bildirib.

Barro qeyd edib ki, 2022-ci ildə Ukraynaya soxulandan bəri münaqişənin genişlənməsinə də məhz Rusiya səbəb olub.

O deyib: “Artıq təxminən beş ildir ki, (Rusiya Prezidenti) Vladimir Putin təkcə Ukraynanı bombardman etmir, həm də birliyimizi sarsıtmaq məqsədilə daim təcavüzkar hərəkətlərə əl atır və avropalılara qarşı təzyiqlər göstərir”.

Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna ordusu “Rusiyanın müharibəsinə cavab olaraq həyata keçirilən nümunəvi əməliyyat” adlandırdığı bu hücumda yeddi dəniz pilotsuz uçuş aparatından istifadə edib.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Dünən, 13:12