Avstraliya adasında meşə yanğınları evləri məhv edib, vəhşi təbiəti didərgin salıb

Fövqəladə hallar xidmətlərinin cümə axşamı verdiyi məlumata görə, Avstraliyanın cənub-şərqində yerləşən Flinders adasının 10 faizdən çoxunu bürüyən meşə yanğınları yolların bağlanmasına, heyvanların yaşayış yerlərini tərk etməsinə və evlərin məhv olmasına səbəb olub.
Yanğınsöndürənlər Tasmaniyadan şimal-şərqdə, təxminən 50 kilometr (31 mil) məsafədə və Avstraliya materikindən təxminən 150 kilometr aralıda yerləşən adanın şimal hissəsindəki alovla mübarizə aparırlar.
Tasmaniya Yanğın Xidmətinin Şimal Regionu üzrə rəis müavini Stiv Riçardson bildirib ki, sakinlər 10 metr hündürlüyə çatan alov cəbhəsindən qorunmaq üçün olduqları yerlərdə sığınacaq tapıblar.
O əlavə edib ki, son günlərdəki hava şəraiti yanğınsöndürənlərin yerdən alova yaxınlaşmasını "həddindən artıq təhlükəli" edib.
"Bu gün şəraitin yaxşılaşması ilə qruplar alova daha təhlükəsiz şəkildə yaxınlaşa və onu nəzarət altına almaq üçün maneə xətləri çəkə biləcəklər", - deyə o bildirib.
Onun sözlərinə görə, alov nəticəsində altı tikili zərər görüb və ya tamamilə məhv olub.
O, yanğını söndürmək üçün əraziyə altı helikopterin cəlb edildiyini qeyd edib.
"Bu, adada baş verən ən böyük yanğın deyil, lakin ən ciddi yanğınlardan biridir", - deyə o, mediaya bildirib.
Milli yayımçı ABC və yanğın xidməti tərəfindən paylaşılan foto və videolarda adanın üzərini bürüyən nəhəng tüstü buludları əks olunub.
Yerli vəhşi heyvanların alovdan qaçdığı müşahidə edilib.
Yerli sakin Alan Uitli ABC-yə açıqlamasında: "Yolda kiçik possumlar (kisəli heyvanlar) gördük, bu isə heç də yaxşı hal deyil", - deyib.
"İllər ərzində bir neçə böyük yanğınla qarşılaşmışıq, lakin həmişə onları nəzarət altına almağı bacarmışıq", - deyə o bildirib.
"Amma düşünürəm ki, bu yanğın daha sürətlə yayılır".
Başqa bir yerli sakin isə yayımçıya bunun "çox narahatedici bir dövr" olduğunu söyləyib.
Ceymi Brusard adlı sakin: "Əmlaklarını itirən bütün o gözəl insanlar üçün ağlamaq istəyirəm. Bu, çox sarsıdıcıdır", - deyə bildirib. Avstraliya uzun müddətdir ki, şiddətli meşə yanğınları ilə üzləşir; buna xüsusilə 2019-cu ilin sonlarından 2020-ci ilin əvvəllərinə qədər davam edən və milyonlarla hektar ərazini külə çevirən, minlərlə evi məhv edən, şəhərləri isə zərərli tüstüyə bürüyən “Qara yay” (Black Summer) yanğınlarını misal göstərmək olar.
Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi, bu cür dəhşətli yanğınları alovlandıran ekstremal şəraitin yaranma ehtimalını sənayeləşmədən əvvəlki dövrlə müqayisədə iki dəfə artırıb.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 10:43


























