Geniş yayılmış bir vitamin beyni Altsheymer xəstəliyindən qorumağa kömək edə bilər

Bu yaxınlarda aparılan bir araşdırma, orta yaş dövründə D vitamini səviyyəsinin yüksək olmasının beyni Altsheymer xəstəliyi ilə əlaqəli bir zülaldan qorumağa kömək edə biləcəyini aşkar edib.
D vitamini "tau" zülalı ilə necə əlaqəlidir?
"Neurology" jurnalında dərc olunan araşdırmaya əsasən, "tau" sinir hüceyrələrinin daxilində olan bir zülaldır. O, hüceyrə daxilində molekulların hərəkətini sabitləşdirməyə və hüceyrə strukturunu qoruyub saxlamağa kömək edir. Lakin demensiya hallarında bu zülal anormal hala düşə, sinir hüceyrələrindən ayrıla və hüceyrə ölümü ilə yaddaş itkisinə səbəb olan zəhərli yığıntılar əmələ gətirə bilər.
Əldə edilən nəticələr göstərir ki, orta yaş dövründə D vitamini səviyyəsi daha yüksək olan insanların beynində sonradan anormal "tau" zülalının miqdarı daha az olub.
Qalvey Universitetindən olan və araşdırmanın həmmüəlliflərindən biri, baş tədqiqatçı Emer Makqrat bildirib: "Bu araşdırma, orta yaş dövründə D vitamini səviyyəsinin yüksək olması ilə beyində anormal 'tau' zülalının (Altsheymer xəstəliyinin biomarkerlərindən biri) daha az toplanması arasında əlaqə olduğunu göstərir".
"Russia Today"in məlumatına görə, o əlavə edib ki, həyatın bu mərhələsində D vitamini səviyyəsi gələcəkdə beyin sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.
Araşdırmanın təfərrüatları
Araşdırmada heç birində demensiya olmayan, orta yaşı 39 olan təxminən 800 iştirakçı iştirak edib.
Tədqiqatın əvvəlində onların D vitamini səviyyələri ölçülüb. Təxminən 16 il sonra isə Altsheymer xəstəliyi ilə əlaqəli iki biomarker olan "tau" və "beta-amiloid" səviyyələrini qiymətləndirmək üçün onların beyinləri skan edilib.
Tədqiqatçılar D vitamini səviyyəsinin millilitrdə 30 nanoqramdan yuxarı olmasını "yüksək", bu həddən aşağı olmasını isə "aşağı" səviyyə kimi müəyyən ediblər. Nəticələr göstərib ki, iştirakçıların təxminən üçdə birində D vitamini səviyyəsi aşağı olub, yalnız 5%-i isə D vitamini əlavələri qəbul edib.
Dəyişdirilə bilən risk amili
Yaş, cins və depressiya əlamətləri kimi amillər nəzərə alındıqdan sonra tədqiqatçılar müəyyən ediblər ki, D vitamini səviyyəsinin yüksək olması illər sonra "tau" zülalının daha aşağı səviyyədə olması ilə əlaqəlidir. Tədqiqatçılar D vitamini çatışmazlığının dəyişdirilə bilən risk faktoru ola biləcəyinə inanırlar və bu da onu demensiyanın qarşısını almaq və ya onun inkişaf riskini azaltmaq üçün potensial hədəfə çevirir.
Klinik sınaqlara çağırış
Tapıntıların əhəmiyyətinə baxmayaraq, tədqiqatçılar tədqiqatın müşahidə xarakterli olduğunu və birbaşa səbəb-nəticə əlaqəsi yaratmadığını vurğuladılar. Buna görə də əlavə tədqiqatlara ehtiyac var.
MakQrat bildirib ki, tapıntılar gənc yetkinlər tərəfindən qəbul edilən D vitamini əlavələrinin demensiyanın başlanğıcını gecikdirə biləcəyini və ya qarşısını almağa kömək edib-etmədiyini müəyyən etmək üçün klinik sınaqlara ehtiyac olduğunu dəstəkləyir.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:09


























