mobil versiya

Tramp və NATO rəhbəri Rusiyanı Ukraynadakı müharibəni genişləndirməməyə çağırıb





ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte çərşənbə günü Floridada keçirilən görüşdən sonra yaydıqları birgə bəyanatda Rusiyanı Ukraynadakı müharibəni “genişləndirməməyə” çağırıblar.

Ağ Evin Trampın “Mar-a-Laqo” iqamətgahında baş tutan qapalı danışıqlardan sonra yaydığı bəyanatda bildirilir ki, “əla” və “çox səmərəli” keçən görüşdə əsas diqqət Ukrayna və İrandakı müharibələrə yönəldilib.

Bəyanatda həmçinin qeyd olunur: “Biz həmçinin Rusiyanın istər qəsdən, istərsə də təsadüfən müharibənin genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinməsinin, eləcə də münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə həll edilməsinin vacibliyini müzakirə etdik”.

Tramp və Ruttenin bu birgə çağırışı, ABŞ liderinin ötən həftə Çində keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putini “dostum” adlandırması fonunda baş verib.

Ukrayna Prezidenti Vladimir Zelenski Trampın Putinlə bağlı söylədiklərinə etirazını bildirib.

Zelenski CNN telekanalına müsahibəsində “Bizim üçün o, qatildir” deyib.

Çərşənbə günü “Fox News” kanalının “Fox & Friends” verilişinə müsahibə verən Ruttedən Trampın şərhləri barədə soruşulub.

NATO-nun Baş katibi cavabında bildirib: “Prezident Trampın etdiyi şey – o cümlədən Şenzendəki görüşdə – Putini sınamaqdır”.

“O, nə dərəcədə ciddidir? Danışıqlar masası arxasına oturmağa hazırdırmı? Həqiqətən də danışıqlara qoşulmaq istəyirmi?”

“Ona görə də təzyiqi davam etdirək. Düşünürəm ki, bu, işə yarayır və biz bu xətti davam etdirməliyik”.

Tənqidçilər tərəfindən Kiyevə qarşı Moskvanın tərəfini tutmaqda ittiham olunan Tramp, Putinlə görüşündən sonra bildirib ki, Rusiya lideri müharibənin “diplomatik yollarla” başa çatmasını istəyir. Florida görüşü, indiyədək yalnız Ukrayna, ABŞ və Rusiyanın iştirak etdiyi ilkin danışıqlara qoşulmaq istəyini ifadə edən Avropa ölkələrinin mövqeyi fonunda baş tutur.

Rutte bildirib ki, istənilən razılaşma Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ehtiva etməlidir.

"Müharibə başa çatdıqda – istər arzuolunan sülh sazişi ilə, istərsə də bu mümkün olmadıqda uzunmüddətli atəşkəslə – biz Ukraynanın gələcək üçün təhlükəsizlik zəmanətlərinə malik olmasını təmin etməliyik", - deyə o qeyd edib.

Rutte əlavə edib: "Lakin burada ən vacib məqam ondan ibarətdir ki, Ukraynanın mübarizəni davam etdirməsi, uğurlu fəaliyyətini sürdürməsi və ruslara qarşı maksimum təzyiq göstərməsi üçün zəruri olan hər şeyə sahib olmasını təmin etməliyik".

Birgə bəyanatda qeyd olunur ki, Tramp və Rutte həmçinin müdafiə xərclərinin artırılması məsələsini müzakirə ediblər; ABŞ prezidenti Avropa dövlətlərini bu addımı atmağa təşviq edirdi.

Florida danışıqları həmçinin Pentaqon rəhbəri Pit Hegsetin yaxın həftələrdə ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı aparılan təhlilin nəticələrini açıqlamasının gözləndiyi bir vaxta təsadüf edir.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:21