Nigeriya müxalifəti hakim APC partiyasını prezidentliyə namizəd Piter Obiyə qarşı hücumlar təşkil etməkdə ittiham edib

Nigeriya müxalifəti hakim "Bütün Proqressivlər Konqresi" (APC) partiyasını ölkə daxilindəki seçki kampaniyaları zamanı prezidentliyə namizədlərə qarşı hücumlar təşkil etməkdə günahlandırır.
Çərşənbə günü Benin şəhərində silahlı bir şəxs "Nigeriya Demokratik Konqresi" (NDC) tərəfdarlarına atəş açıb.
NDC-nin milli sədri Kleopas Mozes Abucada keçirilən mətbuat konfransında bildirib: "Bu gün, bütün rəsmi məlumatlandırma prosedurlarına riayət olunmasına baxmayaraq, prezidentliyə namizədimiz cənab Piter Obi – hansı ki, hələ tammiqyaslı seçki kampaniyasına belə başlamayıb, sadəcə seçicilərlə görüşə gedirdi – səhərdən etibarən, hava limanından başlayaraq hücumlara məruz qalıb".
Ötən il Edo ştatının qubernatoru Obiyə açıq şəkildə xəbərdarlıq edərək bildirmişdi ki, əgər o, həmin bölgəyə gələrsə, təhlükəsizliyinə zəmanət verilə bilməz.
NDC çərşənbə günü baş verən hücumu Delta ştatında yaxın vaxtlarda qeydə alınan ölümcül hadisə, eləcə də Obinin Kross-River və Laqosdakı seçki kampaniyaları zamanı baş verən digər insidentlərlə əlaqələndirib.
"Artıq hücumların sayı həddini aşıb", - deyə Mozes jurnalistlərə bildirib. "Deməli, bu hücumları həyata keçirən tək bir şəxs, bir ştat və ya bir qrup insan deyil. Bizə aydın oldu ki, bu, NDC-ni və onun namizədlərini susdurmaq məqsədi daşıyan, əvvəlcədən planlaşdırılmış və koordinasiyalı bir cəhddir".
Zorakılığa baxmayaraq, Obi seçicilərlə görüşünü davam etdirib və orada nigeriyalılara öz səslərini qorumaq çağırışı edib. Onun seçki kampaniyasını Abia ştatında davam etdirməsi nəzərdə tutulur.
Prezident Bola Tinubu yanvar ayında keçiriləcək seçkilərdə ikinci müddətə namizədliyini irəli sürüb. O, aralarında Obinin və "Afrika Demokratik Konqresi"ndən Atiku Abubakarın da olduğu 17 digər prezidentliyə namizədlə rəqabət aparır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 12:37



























