2027-ci ildən banklar dayanıqlılıq üzrə məlumatları 4 istiqamətdə açıqlayacaq

2027-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən banklar dayanıqlılıq göstəriciləri ilə bağlı məlumatları dörd əsas istiqamət üzrə ictimaiyyətə təqdim edəcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə bildirib.
Onun sözlərinə görə, ekoloji, sosial və idarəetmə (ESİ) amilləri ilə əlaqəli risklər bankların ümumi risklərin idarə edilməsi sisteminə daxil edilməlidir. Bu risklər müstəqil risk kateqoriyası kimi deyil, ənənəvi risklərə təsir göstərən amillər kimi qiymətləndirilməlidir.
AMB rəsmisi qeyd edib ki, daxili audit bölmələri ESİ risklərinin idarə olunması prosesini yoxlamalı və onun effektivliyini qiymətləndirməlidir. Eyni zamanda, dayanıqlılıq məqsədlərinə nail olunması bankların əməkdaşlarının mükafatlandırma mexanizmlərində də nəzərə alınmalıdır.
Ə.Əhmədzadə bildirib ki, Korporativ idarəetmə standartlarının 5 saylı əlavəsinə uyğun olaraq, 2027-ci ilin I rübündən başlayaraq banklar dayanıqlılıq göstəriciləri barədə məlumatları açıqlamalıdırlar. Bu məlumatlar dörd əsas bölməni əhatə edəcək: idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri.
Onun sözlərinə görə, qeyd olunan istiqamətlər iqlimlə bağlı maliyyə məlumatlarının açıqlanması üzrə ilk beynəlxalq çərçivələrdən sayılan TCFD-də, eləcə də təxminən 50 yurisdiksiyada qəbul edilərək tətbiq olunan IFRS S1 və IFRS S2 standartlarında da nəzərdə tutulub.
AMB nümayəndəsi vurğulayıb ki, hazırda banklardan tələb edilən açıqlamalar beynəlxalq standartlarla, xüsusilə IFRS tələbləri ilə müqayisədə daha məhdud əhatəyə malikdir. Bunun əsas səbəbi bankların mövcud hazırlıq imkanlarının nəzərə alınması və yeni tələblərə uyğunlaşmaları üçün onlara müəyyən keçid müddətinin verilməsidir. Növbəti mərhələlərdə isə hesabatlılıq və məlumatların açıqlanması ilə bağlı tələblərin daha da genişləndirilməsi planlaşdırılır.
Ə.Əhmədzadənin sözlərinə görə, banklardan ESİ istiqamətində məsuliyyət və səlahiyyətlərin necə bölüşdürüldüyü, rəhbər heyətin müvafiq bilik və bacarıqları, eləcə də bu amillərin mükafatlandırma siyasətində nəzərə alınıb-alınmadığı barədə məlumatların açıqlanması tələb olunur: “Bununla yanaşı, banklar yalnız “yaşıl kreditlər” haqqında deyil, maliyyələşdirdikləri fəaliyyət nəticəsində yaranan emissiyalar barədə də məlumat verməlidirlər. Banklar iqlim və digər ESİ risklərinin öz biznes modellərinə mümkün təsirlərini hansı üsullarla qiymətləndirdiklərini açıqlamalı, iqlim məqsədləri və keçid planları barədə məlumat təqdim etməlidirlər. Dayanıqlı maliyyə məhsulları və xidmətləri mövcud olduqda, onların da ictimaiyyətə tanıdılması nəzərdə tutulur. Xüsusilə fiziki və keçid riskləri üzrə hər bir riskin ayrıca qiymətləndirilməsi, onların qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivdə yarada biləcəyi təsirlər barədə məlumatların açıqlanması vacibdir. Banklar stres-testlərdən istifadə edirlərsə, həmin testlərin nəticələrini də ictimaiyyətlə bölüşməlidirlər”. (Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:08


























