Mədinə dağları təbii gözəlliklə zəngin İslam irsini özündə birləşdirir

Mədinə bölgəsindəki dağlar Səudiyyə Ərəbistanının ən əhəmiyyətli təbii və tarixi məkanlarından sayılır. Bu dağlar diqqətçəkən geoloji quruluşları, Peyğəmbər Məhəmmədin (s.ə.s.) həyatı və İslam tarixinin mühüm hadisələri ilə bağlı olan yerləri özündə ehtiva edir.
Yerli media xəbər verir ki, sərt relyefi, müxtəlif mənzərələri və mədəni əhəmiyyəti ilə bu dağlar həm gözəl təbiət mənzərələri təqdim edir, həm də bölgənin zəngin irsi ilə əlaqə yaradır. Bunların arasında ən tanınmışı, Məscidün-Nəbəvidən (Peyğəmbər məscidindən) təxminən 4 km şimalda yerləşən Uhud dağıdır.
Peyğəmbərin həyatı ilə sıx bağlı olan bu dağ, hicrətdən sonrakı üçüncü ildə (miladi 624-cü il) baş vermiş Uhud döyüşünün məkanı olmuşdur; həmin döyüşdə Peyğəmbərin 70 səhabəsi şəhid olmuşdur. Dağ həmçinin özünəməxsus maqmatik və vulkanik süxur formasiyaları, eləcə də təbii boşluqları ilə tanınır.
Onun yaxınlığında, döyüşdə həlledici rol oynamış Ər-Rumah dağı (Oxçular təpəsi) yerləşir. Uhud dağından təxminən 3 km məsafədə yerləşən bu təpə, Peyğəmbər tərəfindən oxçuların yerləşdirildiyi mövqe olmuş və qarşıdurmanın nəticəsini müəyyən edən hadisələrə şahidlik etmişdir.
Mədinənin cənub-qərbində, Məscidün-Nəbəvidən təxminən 7 km aralıda mühüm coğrafi məkan olan Ayr dağı yerləşir. Bu dağ Mədinənin müqəddəs ərazisinin cənub sərhədini təşkil edir.
Dağın qərb ətəklərində Zül-Hüləyfə (Miqat) məscidi yerləşir; yaxınlıqdan isə tarixi Vadi əl-Əqiq keçir ki, bu da ərazinin mədəni və təbii əhəmiyyətini daha da artırır.
Mədinənin şimal-qərbində, Məscidün-Nəbəvidən təxminən 700 metr məsafədə yerləşən Sela dağı Xəndək döyüşü ilə əlaqəlidir. Peyğəmbər bu dağdan müttəfiq qüvvələrə qarşı müdafiə mövqeyinin bir hissəsi kimi istifadə etmiş və qazılan xəndəklə birlikdə şəhər ətrafında qoruyucu sədd yaratmışdır.
Sela dağının ətrafında bir sıra mühüm tarixi və memarlıq abidələri, o cümlədən Əl-Fəth məscidi, Bəni Həram mağarası, Səniyyətül-Vida və digər irs nümunələri yerləşir.
Yanbu quberniyasında yerləşən Radva dağları isə möhtəşəm geoloji quruluşları, bol su ehtiyatları və füsunkar mənzərələri ilə məşhurdur. Regionun ən görkəmli dağ silsilələrindən biri olmaqla yanaşı, onlar həm də Qırmızı dəniz sahilinə yaxınlıqları ilə seçilirlər.
Bu dağlar Səudiyyə Ərəbistanı tarixinin mühüm bir səhifəsi ilə bağlıdır; belə ki, 1945-ci ildə Kral Əbdüləziz bin Əbdülrəhman Əl-Səud ilə Misir Kralı Farukun görüşü məhz Radva körfəzi ərazisindəki bu dağlarda baş tutmuşdur.
Bütövlükdə, bu dağlar Mədinə bölgəsinin coğrafi müxtəlifliyini və mədəni dərinliyini əks etdirir. Onlar həmçinin ərazidəki təbii və tarixi abidələrin qorunub saxlanılmasının, eləcə də bu abidələrin regionun kimliyinin formalaşmasındakı roluna dair məlumatlılığın artırılmasının vacibliyini vurğulayır.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 15:27


























