Qazaxıstanın hökumət komissiyası nə üçün yekun məlumatı gecikdirir?
Ötən həftənin 6-cı günündən etibarən vurulan təyyarənin qara qutularının məlumatları Braziliya tərəfindən deşifrə edilib və Qazaxıstana təhvil verilib. Bu o deməkdir ki, Komissiyanın əlində təyyarənin uçuş – texniki məlumatları, təyyarənin vurulması anı, onda baş verən qəfil dəyişikliklərlə bağlı məlumatlar və pilot-dispetçer yazışmaları, həmçinin pilot-pilot danışıqları var.
Reportyor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, multmedia sahəsi üzrə tanınmış ekspert Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
O.Gündüz deyib ki, Qazaxıstanın hökumət komissiyası da öncədən bildirib ki, Azərbaycan tərəfi komissiya ilə aktiv əməkdaşlıq edir, deməli məntiqlə toplanan bütün əlavə sübutlar və şahid ifadələri də Komissiyaya təhvil verilib: "Komissiya qısa müddətlə əlavə sübutları və deşifrə olunmuş məlumatları uzlaşdıra, analiz edə bilərdi və yekun rəyə gələ bilərdi. Yəni, əgər komissiyanın işi obyektiv olardısa və əlavə təhqiqatlara ehtiyac yoxdursa onda bu iş bitməliydi və yekun qərar elan edilməliydi. Komissiya əlavə təhqiqata ehtiyacla bağlı heç bir açıqlama verməyib. Yuxarıda qeyd olunanlar vurulan təyyarə ilə bağlı bütün baş verənlər haqqında, qəzanın DƏQİQ səbəbi haqqında qısa zamanda yekun qərar verməyə imkan verir. Daha dəqiq desək artıq Komissiya tam DƏQİQ bilir ki, Qroznı üzərində nə baş verib və təyyarə nə üçün Aktauya istiqamət götürüb. Amma hələ də Qazaxıstan tərəfi qərarı elan etməyib. Beləliklə görünən odur ki, proses ləngiyir. Gərəsən bu bilərəkdənmi edilir, Qazaxıstana Rusiya tərəfindən təzyiqlər varmı?".
AİF-nun rəhbərinin fikrincə, əgər təyyarəmizin Rusiya HHQ tərəfindən qurulması təsdiqlənibsə bunun siyasi və ictimai gərginliyə səbəb olacağını düşünərək Qazaxıstan yekun qərarı verməkdə ehtiyatlı mövqe tuta bilər. Ədalətli qərardansa daha çox Rusiya və Azərbaycan arasında balanslaşdırmağa çalışa bilərlər. Odur ki, indiki anda hökumət, media və ictimaiyyət bu məsələni daha çox diqqətdə saxlamalıdır.
"Düşünürəm ki, indi Azərbaycan hökuməti prosesin şəffafğılı ilə bağlı, prosesin addım-addım izlənilməsilə bağlı məsələ qaldırmalıdır. Hökumətin prosesin gedişi ilə bağlı ictimaiyyətə açıqlamalar verməsi doğru olardı. Mediamızın Qazaxıstan hökumət komisssiyasına sorğular verməsi də faydalı olardı".
KARUSEL / GÜNDƏM / REDAKTOR SEÇİMİ
Tarix: Dünən, 18:34