Pakistan Tacikistan iqtisadiyyatına sərmayənin cəlb olunmasına köməklik edəcək

Düşənbədə keçirilən İnvestisiya və Turizm Forumu çərçivəsində Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda ilə Pakistan Baş nazirinin turizm və investisiyalar üzrə müşaviri Sərdar Yasir İlyas Xan arasında görüş keçirilib.
Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin yaydığı məlumata görə, görüşdə qeyd olunub ki, Tacikistan Respublikasının Prezidenti, xalqın lideri Emoməli Rəhmonun müdrik siyasəti sayəsində Tacikistan və Pakistan arasında dostluq və iqtisadi-ticarət əməkdaşlığı daim inkişaf edir və keyfiyyətcə yeni səviyyəyə yüksəlir.
Tərəflər həmçinin ticarət və investisiyaların inkişafı, ticarət dövriyyəsinin artırılması, özəl investisiyaların cəlb edilməsi, yeni texnologiyaların tətbiqi məsələlərini müzakirə edib. Sənaye, kənd təsərrüfatı, bərpa olunan enerji, turizm, nəqliyyat və logistika kimi sahələrdə istifadə olunmamış potensialdan istifadənin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Tacikistan mühüm potensiala malikdir, o cümlədən hidroenergetika və kənd təsərrüfatı istehsalı sahəsində Pakistanın böyük bazarı üçün ümumi maraq yaradır.
Sərdar Yasir İlyas Xan iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsinə, birgə tədbirlərin təşkilinə və Tacikistan iqtisadiyyatına Pakistan sərmayəsinin cəlb olunmasına köməklik göstərməyə hazır olduğunu bildirib.
Görüşün sonunda tərəflər müqavilə-hüquq bazasından və mövcud imkanlardan istifadənin Tacikistan və Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağına, dostluq münasibətlərinin möhkəmlənməsinə və regionun iqtisadiyyatlarının inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.
Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:05