mobil versiya

Müstəqilliyin elan edilməsinin 38-ci ildönümündə Fələstin Dövlətinin Bakıdakı Səfirliyi işğala son qoymağa və Fələstin xalqını qorumağa çağırır






15 noyabr tarixi Fələstin Dövlətinin müstəqilliyinin elan edilməsinin 38-ci ildönümüdür. Müstəqillik Bəyannaməsi Fələstin Milli Şurasının Əlcəzairdə keçirilmiş on doqquzuncu sessiyasında 15 noyabr 1988-ci ildə qəbul edilib.

Həmin gün qurucu Prezident, şəhid Yaser Ərəfat Fələstin şairi Mahmud Dərvişin qələmə aldığı Müstəqillik Bəyannaməsini oxuyaraq «Torpağımız Fələstin üzərində, paytaxtı müqəddəs Qüds olan Fələstin Dövlətinin qurulduğunu» elan edib.

Müstəqillik Bəyannaməsi xalqımızın övladlarının nəsillər boyu apardığı mübarizənin zirvə nöqtəsi olmuş və 1987-ci ildə başlanan birinci xalq intifadası kontekstində qəbul olunub. Bəyannamə Fələstin xalqının öz vətənində təbii, tarixi və hüquqi haqqına, eləcə də beynəlxalq legitimlik çərçivəsində qəbul edilmiş qərarlara əsaslanıb. O, həmçinin hüquqların bərabərliyinə və qanunun aliliyinə söykənən, azadlıqları və insan ləyaqətini qoruyan, Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə və ədalətə, hüquqlara hörmətə əsaslanan davamlı sülhə sadiq bir dövlətin əsas cizgilərini müəyyən edib.

Bu ildönümü xalqımızın Qəzza sektorunda İsrail hücumlarının davam etməsi, təkrar məcburi köç və evlərə, səhiyyə obyektlərinə, su və kanalizasiya şəbəkələrinə genişmiqyaslı dağıntıların nəticələri ilə üzləşdiyi bir vaxta təsadüf edir. Noyabr ayının əvvəlində yağan güclü yağışlar məcburi köçkün ailələrin əzablarını daha da ağırlaşdırmış, su sığınacaq yerlərini basmış, çadırları yararsız hala salmış və bombardman nəticəsində əvvəldən zədələnmiş binaların uçmasına səbəb olub. Bu ailələr sığınacaq materiallarının çatışmazlığı, ərzaq, içməli su və tibbi xidmətlərə çıxış çətinlikləri şəraitində qış mövsümü ilə üz-üzədirlər.

Səfirlik atəşkəsə riayət etməyə, mülki şəxsləri və humanitar sahədə çalışan əməkdaşları qorumağa, humanitar yardımın maneəsiz daxil olmasını və paylanmasını təmin etməyə, eləcə də məcburi köçkünlərin öz bölgələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verəcək yenidənqurma işlərini dəstəkləməyə çağırır.

İşğal olunmuş İordan çayının Qərb sahilində İsrail hərbi əməliyyatları, məskunlaşanların hücumları, söküntü əməliyyatları və hərəkətə qoyulan məhdudiyyətlər Fələstin ailələrinin köçürülməsinə və onların dolanışıq imkanlarının sarsıdılmasına səbəb olur. Zeytun yığımı mövsümündə məskunlaşanların hücumları Fələstinli fermerləri hədəfə almış və onların öz torpaqlarına çıxışına mane olmuşdur. Eyni zamanda, nəzarət-buraxılış məntəqələri və hərəkətə qoyulan məhdudiyyətlər məktəblərə, iş yerlərinə və səhiyyə müəssisələrinə çıxışı çətinləşdirməkdə davam edir.

İşğal olunmuş Şərqi Qüdsdə Fələstin ailələri İsrailin işğal hakimiyyətinin həyata keçirdiyi söküntü və evdən çıxarılma siyasətləri nəticəsində evlərini itirmək və məcburi köçürülmək təhlükəsi ilə üzləşirlər. Şəhərdə və onun ətrafında məskunlaşmanın genişləndirilməsi Şərqi Qüdsü işğal olunmuş Fələstin ərazilərinin qalan hissəsindən təcrid etmək və Qərb sahilinin şimalı ilə cənubu arasındakı coğrafi bağlılığı pozmaq təhlükəsi yaradır. Səfirlik Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olduğunu vurğulayır və məskunlaşmanın, evlərin sökülməsinin və məcburi evdən çıxarılmanın dayandırılmasına, İslam və xristian müqəddəs məkanlarında mövcud tarixi və hüquqi status-kvonun qorunmasına, ibadət azadlığının və həmin məkanlara çıxışın təmin edilməsinə çağırır.

Səfirlik Beynəlxalq Ədalət Məhkəməsinin 19 iyul 2024-cü il tarixli məsləhət rəyində İsrailin işğal olunmuş Fələstin ərazisində mövcudluğunun davam etməsinin qanunsuz olması və buna mümkün qədər tez son qoyulmasının zəruriliyi barədə gəldiyi nəticəni xatırladır. Səfirlik həmçinin Qəzza sektoru ilə Qərb sahilinin, o cümlədən Şərqi Qüdsün, ərazi bütövlüyünə hörmət edilməli olan vahid ərazi vahidi təşkil etdiyini vurğulayır. Səfirlik beynəlxalq ictimaiyyəti beynəlxalq legitimlik çərçivəsində qəbul edilmiş qərarların, o cümlədən məskunlaşma məsələsinə dair BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin icrası üçün praktiki addımlar atmağa, Fələstin xalqının ayrılmaz hüquqlarını, başda geri qayıtmaq və öz müqəddəratını təyin etmək, 4 iyun 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren dövlətini qurmaq hüquqları olmaqla həyata keçirməsinə imkan yaratmağa çağırır.
Bu milli gün münasibətilə Səfirlik xalqımızın şəhidlərini yad edir və vətəndə və diasporada yaşayan fələstinlilərin mətinliyini salamlayır. Səfirlik Fələstin xalqının hüquqlarını və iki dövlətli həlli dəstəkləyən mövqeyinə görə Azərbaycan Respublikasına, rəhbərliyinə, hökumətinə və xalqına minnətdarlığını bildirir və Fələstin Dövlətinin iki ölkə və xalq arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğulayır.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:31