mobil versiya

Sentyabrda da ərzaq məhsullarının qiyməti bahalaşıb - Ən çox artım bu qidalarda qeydə alınıb



2025-ci ilin sentyabr ayında Azərbaycanda ərzaq bazarında qiymət artımı
yaşanıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, əvvəlki ayla müqayisədə bir sıra əsas qida məhsulları bahalaşıb.

Ən çox qiymət artımı mal və qoyun ətində, balıq və balıq məhsullarında, yumurtada, xama, kəsmik və kərə yağında, eləcə də armud, şaftalı, qoz, fındıq kimi mövsümi meyvə və çərəzlərdə müşahidə olunub. Tərəvəz məhsulları arasında isə ağ kələm, pomidor, xiyar, bibər, badımcan, göy lobya, çuğundur, yerkökü, sarımsaq və kartofun qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.
Digər tərəfdən, limon, banan, alma, üzüm və soğanın qiymətlərində azalma qeydə alınıb.
Rəsmi statistikaya görə, sentyabrda qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-sentyabr dövründə isə ötən ilin eyni aylarına nisbətən 102,6 faiz təşkil edib.
Bu kateqoriyada mebel, avtomobil ehtiyat hissələri, şəxsi gigiyena vasitələri, dəftərxana ləvazimatları və zərgərlik məmulatları bahalaşan məhsullar sırasında olub. Əvəzində, yay geyimlərinin qiymətləri bir qədər ucuzlaşıb.
Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymətlər də artım yaşanıb. Sentyabrda bu indeks əvvəlki aya nisbətən 100,6 faiz, ilin əvvəlindən bəri isə ötən ilin eyni dövrünə nisbətən 106,8 faiz olub.
Bahalaşma əsasən ali və orta ixtisas təhsili müəssisələrində tədris haqlarının, xarici dil və abituriyent hazırlığı kurslarının, kirayə mənzillərin və bərbərxana xidmətlərinin qiymət artımı ilə bağlı olub. Əvəzində, beynəlxalq hava daşımalarında qiymət enişi müşahidə edilib.
Ümumilikdə, 2025-ci ilin sentyabr ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Bu artımın 7,9 faizi qida məhsulları, içkilər və tütün məmulatları ilə, 2,4 faizi qeyri-qida məhsulları, 5,3 faizi isə ödənişli xidmətlərlə bağlı olub.

Maraqlıdır ki, ötən ilin sentyabrında bu göstərici cəmi 3,5 faiz təşkil etmişdi. Bu isə son bir ildə inflyasiya tempinin artdığını göstərir. (AzPolitika.info)



KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:37