Azərbaycanda illik inflyasiya açıqlanıb
Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz olub. Bu ayda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin yanvar ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, ucuzlaşma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz təşkil edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-02-2024, 12:34