mobil versiya

Boliviya nədən Liviya olmadı...


Hakimiyyətinin ömrünü uzatmaq istəyən avtoritar liderlərin qorxulu röyası seçkilərdir. Məhz seçkilərdə onlar müqavimətlə üzləşir, üçüncü və ya dördüncü dəfə dövlət başçısı seçilmələrinə imkan verilmir.

Əlbəttə, bu, hamıya aid deyil. Elə prezidentlər var ki, ard-arda beş dəfə prezident seçiliblər. Məsələn, bunun parlaq nümunəsi Belarus prezidenti Lukaşenkodur. O, artıq 5 dəfə eyni vəzifəyə seçilib.

Qazaxıstanda Nursultan Nazarbayev də öz nüfuzu və xarizması hesabına, heç bir saxtakarlığa yol vermədən istədiyi qədər prezident seçilmək imkanına malik idi. Hazırda o, formal olaraq prezident olmasa da, ölkəsinin Təhlükəsizilik Şurasının rəhbəri kimi ölkəsini idarə edir.
Vladimir Putin 1999-cu ilin 30 dekabrından dövlət başındadır, iki aydan sonra prezidentliyinin 20 ili tamam olacaq. Düzdür, arada 5 il o, ölkəsinin formal olaraq birinci şəxsi olmayıb, amma baş nazir və hakim partiyanın lideri olaraq dövlətdə əsas söz sahibi özü olub. Sadəcə, Dmitri Medvedev də Tokayev kimi prezident vəzifəsinin icraçısıydı - Putinin yanında.

Bu cür ölkələrdə istənilən seçkinin qorxusu yoxdur. Hakim partiyalar bütün seçkilərdə qalib gəlirlər. Onların müxaliflərinin etirazı, müqaviməti isə zəif olur, beşiyindəcə boğulur, yüngülvari repressiya tədbirləri ilə səngiyir.

Ancaq elə yarımdemokratik, yarımavtoritar ölkələr də var ki, seçki həlledici olur. Burada “yad və uzun barmaq”lar faktorundan çox danışırlar, amma o “barmaqlar” nə qədər uzun və güclü olsa da, xalqın müqaviməti şiddətli olmayınca, heç bir ajiotaj yaranmır.

Oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində dövlət başçısı Evo Moralesin üçüncü dəfə seçkilərin qalibi elan edilməsi ona görə etiraz və müqavimət doğurmadı ki, bunu ABŞ və ya başqa bir qüdrətli dövlət istəyirdi və sifariş etmişdi, bu, ona görə oldu ki, xalqın mühüm bir hissəsi onun əvəz edilməsini istəyirdi və ona səs verməmişdi.

Ancaq Morales özünü seçkinin birinci turundaca qalib elan etdirməklə arı yuvasına çöp uzatdı və nəticədə xalq üsyana qalxdı. Boliviyanın paytaxtı Sukrenin mərkəzi küçələrində çəkilmiş şəkillər də göstərir ki, bu qədər adam küçələrə çıxarmaq nə hansısa dövlətin, nə də bir partiyanın işi deyil. Bu, Moralesdən bezmiş xalqın mütəşəkkil iradəsinin nəticəsidir.

Bəs eyni nəticə nədən iqtisadi baxımdan daha bərbad gündə olan Venesuelada baş vermədi?

Ona görə ki, Venesueala prezidenti Nikolas Maduro daha güclüdür, həm xalq tərəfindən kifayət qədər dəstəyi var, həm də mafioz generalitet onu dəstəkləyir.

Həm Boliviyada, həm də Venesuelada ana müxalifət qüvvəsinin liderləri prezidentlərin qələbəsini qəbul etmədiklərini bəyan etmişdilər, xalqı müqavimətə çağırmışdılar. Amma birincidə müxalifət öz istəyinə çatdı, ikincidə hələ də mübarizə gedir.

Çünki Boliviyada ordu və polis xalqa qoşuldu, Venesuealada isə ordunu xalqın qarşısında durdu, polis isə ikili mövqe tutdu -  yarısı xalqın yanında, yarısı hakimiyyətin səfində yer aldı.

Bənzər hadisə 19 il öncə Yuqoslaviyada (Serbiya) da baş verib. O zaman birləşmiş müxalifət qüvvələrinin lideri Voislav Koştunitsa haimiyyətinin ömrünü uzatmaq istəyən Slobodan Miloşeviçə qalib gəlmişdi. Ancaq hakimiyyət dairələri onun seçkidə çox səs toplamadığını iddia etdilər və xalq ayağa qalxdı. Hakimiyyət xalqın müqavimətini ram edə bilmədi, nəticədə Miloşeviç devrildi. Sonradan onu boşnaklara və xorvatlara qarşı hərbi cinayətlərə yol verdiyinə görə həbs edib beynəlxalq tribunala verdilər.

8 il öncə Tunisin prezidenti Zeynəlabidin Bin Əli də xalqın etirazı və müqaviməti ilə üzləşdi və devrildi.

Daha sonra eyni hadisə Misirdə baş verdi, 30 ilin diktatoru Hüsnü Mübarək də hakimiyyətdən getməyə məcbur oldu.

Başqa ölkələrdən fərqli olaraq, müsəlman ölkələrində bu kimi hadisələr qansız-qadasız ötüşmür. Hər iki ölkədə küçə toqquşmalarında, eləcə də dam üstündə pusquya yatmış snayperlərin “dənləməsi” nəticəsində minlərlə adam həlak oldu.

Liviyada isə daha betər oldu, vətəndaş müharibəsi başlandı. Onun nəticəsində diktator Qəzzafi həm devrildi, həm də məhkəməsiz-filansız linç edilərək öldürdü.

Suriyada Bəşər Əsədi nə dinc aksiyalarla, nə də silahlı üsyanla devirmək mümkün olmadı, əvəzində hamının hamıya döyüşdüyü bir durum yarandı, ölkə 4-5 yerə parçalandı, bir neçə yüz min insan həlak oldu, 3-4 milyon insan ölkədən didərgin düşdü, ölkə tarmar və darmadağın oldu, neçə ilə toparlanacağı da bilinmir.

Bu baxımdan boliviyalılar şanslıdır. Onların rəhbəri çox da dirəşmədi, ilk həmlədə hakimiyyətini verdi. İndi onun tərəfdarları, yaxınları bir neçə il əziyyət çəkəcək, təqib olunacaq, cəzalara məruz qalacaqlar, amma sonra canlarını qurtara biləcəklər.


KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 13-11-2019, 14:00