Mövsümi xəstəliklərdən qorunmaq üçün diqqət edilməli məqamlar
Mövsümi xəstəliklərdən qorunmaq üçün diqqət edilməli məqamlar!
Qrip və digər kəskin respirator virus infeksiyalarının təbii xüsusiyyətləri ilə əlaqədar olaraq son zamanlar bu xəstəliklərə yoluxma sayında artım müşahidə edilir.
Reportyor.az xəbər verir ki, Nizami Tibb Mərkəzinin həkim-terapevti Könül Muxtarovanın sözlərinə görə, əslində qrip virusu bütün il boyu insandan insana yoluxsa da, əsasən qış aylarında daha çox xəstəlik törədir:
“Ümumiyyətlə, qrip virusunun A, B, C olmaqla 3 növü var. Qripin A növündə baş vermiş antigen dəyişiklikləri müxtəlif epidemiyalara səbəb olmuş və yüksək sayda insan təlafatı ilə sonlanmışdır. Ümumiyyətlə, virusun genomunda baş verən kiçik antigen dəyişiklikləri xəstəliyin alovlanmasına və insanlar arasında yayılmasına şərait yaradır".
Həkim-terapevt Könül Muxtarova qeyd edir ki, hər il dünyada təqribən 3-5 milyon insan qripə yoluxur. Təxminən 250 mindən çox insan isə qrip ağırlaşmaları səbəbindən dünyasını dəyişir”.
Mütəxəssisin vurğulayır ki, qripin etioloji müalicəsi həkim tərəfindən təyin edilməlidir:
“Ev şəraitində, özbaşına, həkim nəzarəti olmadan edilən müdaxilə xəstəliyi yüngülləşdirmir, əksinə, daha da şiddətləndirə bilər. Yanaşı olaraq, xəstəliyə yoluxmuş şəxs bol maye qəbul etməli, yataq şəraitində istirahət etməli və yuxu rejiminə diqqət yetirməlidir".
Mütəxəssislər bildirir ki, xəstəliyə yoluxmaqdan qorunmaq üçün xəstələrlə ünsiyyətdən qaçmaq, tənəffüs və şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Həmçinin unutmayaq ki, mövsümi qrip vaksini vurdurmaq qripdən qorunmaqda ən effektiv üsullardandır.
Son günlər daha çox müşahidə edilən kəskin respirator virus infeksiyaları isə bir sıra simptomlarla özünü büruzə verir. Ən çox müşahidə edilən simptomlara anidən yüksələn hərarəti (39-40 dərəcəyə qədər), əvvəlcə quru, daha sonra bəlğəmli öskürəyi, əzələ və bel ağrılarını, ürəkbulanma və qusmanı misal göstərə bilərik.
Mövsümi qrip və digər kəskin respirator virus infeksiyaları uşaqlar arasında da çox yayılır.
Respublika Pediatriya Mərkəzinin Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Emil Nuriyevin sözlərinə görə, payız və qış fəslində xəstəliklər daha çox özünü büruzə verməyə başlayır:
“Sözügedən fəsillərdə havanın mövsümi dəyişikliyi uşaqların immun sisteminin zəifləməsinə, kəskin respirator virus infeksiyalarının yayılmasına və bunlar da özlüyündə xəstələnmə hallarının artmasına səbəb olur. Soyuqdəymə, allergik və başqa xəstəliklərin üzə çıxması valideynlər arasında narahatlıqla nəticələnir”.
Həkim-pediatr qeyd edir ki, valideynlər uşaqların qida menyularını düzgün tərtib etməyə çalışmalıdırlar:
“İlk növbədə vitaminlərlə zəngin meyvə-tərəvəz qida rasionunda üstünlük təşkil etməlidir. Eyni zamanda, bol maye qəbul etmək də lazımdır. Çünki bədəndə tərləmə zamanı orqanizmdən maye xaric edilir. Bu balansın qorunması məqsədilə bol maye qəbulu mütləqdir”.
Çox zaman valideynlər hava soyuyan zaman uşaqları qapalı və normadan artıq isti mühitdə saxlamaqla onları xəstəlikdən qoruduqlarını düşünür. Lakin həkim-pediatr Emil Nuriyev vurğulayır ki, uşaqları çox isti və daim qapalı mühitlərdə saxlamaq düzgün deyil. Bəhs edilən səbəblərlə əlaqədar payız-qış mövsümündə uşaqlar arasında burun axıntısı, asqırma, gözlərin qızarması, qaşınması, sulanması ilə müşahidə olunan allergik reaksiyalar da geniş yayılır. Ona görə də, sözügedən mövsümlərdə və soyuq havalarda uşaqlara qarşı daha diqqətli olmaq, immunitetlərinin daimi güclü saxlanılmasına şərait yaratmaq mütləqdir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 09:32