Şamaxıda Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Üzüm və Şərab Festivalı keçirilir

Əvvəlcə festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışına dair dəyirmi masa keçirilib. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, Dövlət Turizm Agentliyinin məsul işçisi Elmir Qədirov, beynəlxalq ekspert Pizzi Angelo Antonio çıxış edib. Onlar Azərbaycanda qədim üzümçülük və şərabçılıq ənənələrinin mövcud olmasından, son illər ölkəmizdə böyük üzüm plantasiyalarının salınmasından, yeni müasir şərab istehsalı zavodlarının fəaliyyətə başlamasından, bu sahənin inkişafına olan dövlət dəstəyindən danışıblar.
Məlumat verilib ki, ötən 10 il ərzində Azərbaycanda 12 müasir üzüm emalı və şərab istehsalı zavodu inşa edilib. Azərbaycanın şərab zavodlarında hazırda dünyanın tanınmış mütəxəssisləri çalışırlar.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” qəbul olunub. 2017-ci illə müqayisədə 2018-ci ildə ölkədə bu sahə üzrə məhsul istehsalı 50 faiz, məhsul ixracı 29.4 faiz artıb. Qeyd edilib ki, festivalın keçirilməsində əsas məqsəd yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
İki gün davam edəcək festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək. Festival çərçivəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunacaq, tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edərək məhsullarının dequstasiyasını keçirəcəklər.
/APA/
GÜNDƏM / SOSİAL / CƏMİYYƏT
Tarix: 30-08-2019, 12:31