Bakıda torpaqların konsolidasiyası ilə bağlı layihənin yekun seminarı keçirilib

Seminarda çıxış edən Layihənin Baş Texniki Eksperti Morten Hartvigsen bildirib ki, Azərbaycan fermer təsərrüfat strukturlarının yaxşılaşdırılmasına aparan bir yola qədəm qoyub: “Buna baxmayaraq, ölkənin torpaqların konsolidasiyası ilə bağlı fəaliyyətin genişləndirilməsi konsepsiyasını həyata keçirmək üçün əlavə beynəlxalq texniki yardıma ehtiyacı olacaq".
Qeyd edək ki, layihənin nəticəsi olaraq Torpaqların konsolidasiyası üzrə Dövlət Proqramı, Milli Strategiya və “Kənd təsərrüfatı torpaqlarının birləşdirilməsi haqqında” qanun layihəsi hazırlanaraq müzakirə və uyğunlaşma üçün hökumətə təqdim edilib.
Xatırladaq ki, layihənin ilkin mərhələsində Salyan rayonunun Şorsulu kəndi pilot ərazi kimi seçilərək burada texniki-iqtisadi əsaslandırma aparılıb. Şorsulu kəndində 608 torpaq mülkiyyətçisi arasında torpaqdan istifadə, torpaq mülkiyyətinin qeydiyyatı ilə bağlı çətinliklər, alqı-satqı, mübadilə və ya icarə yolu ilə torpaqların konsolidasiyasında iştirak niyyətlərini öyrənmək üçün sorğu aparılıb. Fermerlərin 88%-i torpaq sahələrinin birləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tədqiqatın nəticələrinə əsasən pilot kənd üçün torpaqların yenidən bölüşdürülmə planı tərtib edilib. “Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqqında” qanun qəbul edildikdən sonra bu proses tam yekunlaşdırılıb həyata keçirilə bilər və yeni torpaq sahələri qeydiyyata alına bilər.
Torpağların konsolidasiyasının faydaları barədə məlumatlılığın artırılması məqsədilə dörd icma inkişafı əsaslı seminar təşkil olunub. Layihə çərçivəsində pilot ərazinin sakinləri üçün yerli icma inkişafı planı hazırlanıb. Planda əsas diqqət bu ərazidə kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılmasına, o cümlədən kəndin hazırda suvarma sisteminə daxil olmayan hissələrində suvarmanın təşkil edilməsinə yönəldilib. Bununla yanaşı, layihə çərçivəsində Şorsulu kəndində əsas kanalın üzərində piyada keçidi inşa olunub.
/Trend/
SOSİAL / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 30-08-2019, 08:14