mobil versiya

Bakıda Hindistanın 74-cü Respublika Günü qeyd edilib



Hindistanın 74-cü Respublika Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfriliyi rəsmi qəbul təşkil edib.

"Reportyor.az" xəbər verir ki, hər iki ölkənin Dövlət himni səsləndirildikdən sonra Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar çıxış edib. V.Kumar çıxışında dünyanın ən böyük demokratiyası olan Hindistanın kasıb bir ölkədən dünyanın beşinci ən böyük iqtisadiyyatına qədər keçdiyi şərəfli yolu vurğulayıb. O, həmçinin “G20” qrupuna sədrliyi dövründə Hindistan tərəfindən həyata keçirilən təşəbbüslərdən və Beynəlxalq Darı İli çərçivəsində Azərbaycanda darının təbliği məqsədilə səfirliyin təşkil etdiyi tədbirlərdən danışıb.

Hindistan və Azərbaycan arasında səmimi və dərin tarixi və sivilizasiya əlaqələrini vurğulayan V. Kumar, 2022-ci ilin noyabrında Dehlidə Xarici İşlər Nazirliyində keçirilmiş məsləhətləşmələr, son bir il ərzində hər iki tərəfin işgüzar nümayəndə heyətlərinin müntəzəm səfər mübadiləsi, Hindistanın 2022-ci ildə Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olması və cari il ərzində Hindistanın “ITEC” proqramında Azərbaycandan 20-dən çox rəsmi şəxsin iştirakı barədə danışıb.
 
Azərbaycan hökuməti tərəfindən Hindistan xalqını bayram münasibətilə təbrik edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Asiya Departamentinin rəhbəri vəzifəsini icra edən Fəxrəddin Qurbanov çıxışında iki ölkə arasında qədim zamanlardan ticarət əlaqələrinə əsaslanan sivilizasiyalararası münasibətləri, mədəni bağları və ortaq dəyərləri qeyd edib. F.Qurbanov əvvəlki illə müqayisədə ikitərəfli ticarət həcminin əhəmiyyətli dərəcədə artaraq 2 milyard ABŞ dollarına yaxın olduğunu qeyd edib və ikitərəfli iqtisadi əlaqələrin yeni sahələrinin inkişafı üçün böyük potensialın olduğunu bildirib. O həmçinin Azərbaycan vasitəsilə Hindistan və Avropa arasında ən qısa, ən təhlükəsiz və iqtisadi cəhətdən ən səmərəli əlaqə kimi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın incəsənət ustalarının Bollivud musiqisinin sədaları altında rəqs və mahnı ifalarından zövq alıblar. Qonaqlara həmçinin hind mətbəxinin yeməkləri, o cümlədən darıdan hazırlanmış yeməklər təqdim olunub.




KARUSEL / SİYASƏT
Tarix: 26-01-2023, 21:32