mobil versiya

Pekində I Qlobal Dayanıqlı Nəqliyyat Forumu işə başlayıb



Çinin paytaxtı Pekində I Qlobal Dayanıqlı Nəqliyyat Forumu işə başlayıb.
Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: qlobal inkişafın təşviqi üçün birgə çalışaq” devizi altında keçirilən tədbirdə 50-dən çox dövlət rəsmisi, o cümlədən nazirlər, beynəlxalq və regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak edir. Forumda Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Forumun açılış mərasimində çıxış edənlər bildiriblər ki, nəqliyyat məsələsi dünya iqtisadiyyatının açarıdır. Nəqliyyat əlaqəsi olmadan heç bir iqtisadi əməkdaşlıqdan danışmaq mümkün deyil. Dayanıqlı nəqliyyat məsələsinin təkcə bir ölkəyə aid deyil, qlobal xarakter daşıdığı vurğulanıb. Çıxışlarda Avrasiyada mövcud nəqliyyat yollarının, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın iqtisadi münasibətlərin dərinləşməsinə, xüsusən də logistika, yəni yüklərin daşınması baxımından rolu qeyd edilib. Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, Orta Dəhlizin, Transxəzər Beynəlxalq Şərq-Qərb Nəqliyyat Marşrutunun imkanları vurğulanıb.
Plenar və panel iclaslarında qlobal əlaqələrin təşviqi, regional fərqlərin aradan qaldırılması, innovativ texnologiya və avadanlıqların mübadiləsi, ekoloji təmiz və aşağı karbonlu inkişafın təşviqi və nəqliyyat sektorunda tərəfdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzindədir.
Forum ilə paralel 15-ci Beynəlxalq Nəqliyyat, Texnologiya və Avadanlıq Sərgisi də keçirilir.(Azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-09-2023, 10:40