mobil versiya

Ombudsman Füzulidə baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb



Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndində tank əleyhinə minanın partlaması nəticəsində bir mülki şəxsin həlak olması, bir nəfərin isə yaralanması ilə nəticələnən hadisəyə münasibət bildirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib. 
Məlumatda qeyd edilib: "Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçmişdir və onlar arasında mülki şəxslər üstünlük təşkil edir.
Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən üzərinə düşən öhdəliklərə və bununla bağlı tərəfimizdən edilən davamlı çağırışlara laqeyd münasibət göstərməsi, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur.
Bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıram".
 

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-10-2023, 15:09