mobil versiya

Racastan ştatının mədəniyyəti və turizm imkanları nümayiş etdirilib



Hindistanın Bakıdakı Səfirliyi Racastan ştatının dinamik mədəniyyəti və turizm imkanlarını nümayiş etdirmək üçün “Racastanın Tanıtım Günü” adlı maraqlı tədbir təşkil edib. 

Tədbirə azərbaycanlı və hindistanlı qonaqlar, o cümlədən Hindistanın Azərbaycandakı diasporunun üzvləri, eləcə də aparıcı turizm şirkətləri və media nümayəndələri qatılıblar.
Tədbirdə çıxış etmiş Hindistan Səfiri Sridharan Racastanın turizm imkanları, o cümlədən Dehli, Aqra və Caypuru birləşdirən məşhur “Qızıl Üçbucaq” marşrutu haqqında danışıb. O, Bakı ilə Dehli arasında hər həftə yeddi birbaşa aviareysin həyata keçirildiyini və bunun da Racastanı cəlbedici istiqamətə çevirdiyini vurğulayıb. Qeyd olunan uçuşların vaxtı cəmi 4 saat təşkil edir.

Daha sonra Prakaş Kancani tədbir iştirakçıları qarşısında Racastanın turizm potensialı haqqında təqdimatla çıxış edib. Onun təqdimatı Caypur, Udaypur, Codpur və Caysalmerdə bir həftəlik marşrut üzrə turizm imkanlarını əhatə edib. Cənab Kancani, həmçinin Racastan daxilində səyahətlə bağlı praktiki təlimatlar verib və yerli mətbəxin təamları haqqında danışıb.
Tədbirdə ənənəvi Racastan paltarları ilə çıxış etmiş racastanlı və azərbaycanlı sənətkarlar gecəyə xüsusi rəng qatıblar. Qonaqlara Racastan toylarının ritmini özündə cəmləşdirən “Dhola Aayo Re” mahnısının sədaları altında rəqs nümayiş etdirilib. Tamaşaçılar həmçinin racastanlı müğənninin gözəl ifasında “Kesariya Balam” və “Chaudhary” kimi klassik Racastan mahnılarını dinləyiblər. Racastanın rəngarənliyini əks etdirən “Perfume Lagave Chunni Me” adlı mahnının sədaları altında ifa olunmuş rəqs gecəyə əlavə maraq qatıb. Sonda Racastanın zəngin mədəni mozaikasını təsvir edən “Terah Taali” və “Kalbelia” rəqsləri ifa edilib. Çıxışlar qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Tədbirin yekununda iştirakçılar Racastan mətbəxindən seçilmiş təamlardan ibarət orijinal Hindistan ziyafətinə qonaq olublar.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 20-10-2023, 18:23