mobil versiya

Latviyanın ölkəmizdəki səfiri Milli Kitabxanada olub



Noyabrın 6-da Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya Milli Kitabxanada olub.
Bu barədə Milli Kitabxanadan bildirilib.
Görüş zamanı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağı kitabxanada görməkdən məmnun olduğunu vurğulayıb. O, səfirə Azərbaycan Milli Kitabxanası, eləcə də kitabxanada fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq zalında açılan Latviya daimi guşəsi haqqında məlumat verib, Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalandığından, beynəlxalq kitab mübadiləsi və ikitərəfli tədbirlərin təşkilindən, digər əməkdaşlıq münasibətlərindən və həyata keçirilən beynəlxalq kitab mübadiləsindən söz açıb.
Səfir Edqars Skuya Azərbaycan Milli Kitabxanasını ilk dəfə ziyarət etdiyini və burada olmaqdan məmnun olduğunu qeyd edib. O, professor Kərim Tahirov başda olmaqla bütün kitabxana kollektivini Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə təbrik edib və ölkələrimiz arasında istər siyasi, istərsə də mədəniyyət sahəsində mövcud olan sıx beynəlxalq əməkdaşlıq münasibətlərindən qürur hissi duyduğunu vurğulayıb.

Görüş çərçivəsində səfir “Heydər Əliyev” guşəsini ziyarət edib və burada nümayiş olunan kitablarla tanış olub.
Direktor Kərim Tahirov Beynəlxalq Əməkdaşlıq zalında fəaliyyət göstərən Latviya daimi guşəsində nümayiş olunan kitabların daim yeniləndiyini və hər zaman oxucuların diqqət mərkəzində olduğunu səfirin diqqətinə çatdırıb.
Daha sonra səfir Beynəlxalq Əməkdaşlıq zalında fəaliyyət göstərən Latviya daimi guşəsində nümayiş olunan kitablarla tanış olub. O, bu kitablar vasitəsilə azərbaycanlı oxucuların Latviyanın tarixi və mədəniyyəti haqqında məlumat əldə edə bilməsinin vacibliyini qeyd edib.

Sonda səfir Edqars Skuya Latviya Milli Kitabxanası adından Azərbaycan Milli Kitabxanasına Latviya Respublikasının ədəbiyyatını, tarixini, mədəniyyətini və s. əks etdirən kitablar bağışlayıb.
Professor Kərim Tahirov da öz növbəsində qonağa Milli Kitabxana adından “Bakı simfoniyası”, “Azərbaycan Milli Kitabxanası” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları hədiyyə edib.(azərtac)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-11-2023, 18:13