mobil versiya

İsrail-Həmas münaqişəsi: Dəmir Günbəz nədir?





İsrailin Dəmir Günbəz kimi tanınan hava hücumundan müdafiə sistemi Fələstin silahlı qruplaşması Həmas-ın oktyabr hücumunun başlanğıcında ölkəni Qəzzadan atılan minlərlə raket zərbələrindən müdafiə etməyə kömək edib.

Raketlərin bir hissəsini zərərsizləşdirmək mümkün olmayıb və onlar yaşayış məntəqələrinə düşüb.


Bəs Dəmir Günbəz nədir və necə işləyir?

Dəmir Günbəz bütün hava şəraitində fəaliyyət göstərən, yaxınlaşan bir sıra qısa mənzilli silahlardan qorunmaq üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemidir.

O, yaxınlaşan raketləri izləmək üçün radardan istifadə edir və yaşayış məntəqələrinə dəymə ehtimalı olan raketlərlə yaşayış olmayan ərazilərə düşəcək raketləri fərqləndirə bilir.


Bu sistemin İsraildə yerləşən və hər birində üç və ya dörd işəsalma qurğusu olan 10 artilleriya batareyadan ibarət olduğu ehtimal edilir. Hər bir işəsalma qurğusunda isə 20-yə qədər raket mövcuddur.

Təhdid sayılan hər raketə iki ədəd önləyici “Tamir” raketi atılır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına əsasən, bir raket batareyasının istehsalı 100 milyon dollara (170 milyon manat) başa gəlir.

Dəmir Günbəzi kim hazırlayıb və o nə vaxt istifadəyə verilib?

Dəmir Günbəz 2006-cı ildə İsrail və Livanın cənubunda yerləşən islamçı qrup Hizbullah arasında baş vermiş münaqişədən sonra hazırlanıb.

Həmin vaxt Hizbullah İsrail ərazisinə minlərlə raket ataraq, ölkəyə böyük ziyan vurmuşdu və onlarla vətəndaşı öldürmüşdü.

Bir il sonra İsrail elan etdi ki, dövlətə məxsus müdafiə şirkəti Rafael Advanced Defense Systems yeni raketdən müdafiə qalxanı yaradacaq. ABŞ 200 milyon dollar (340 milyon manat) qrantla sistemin maliyyələşdirilməsinə kömək etdi.

Bu sistem ilk dəfə 2011-ci ildə Həmasın nəzarəti altında olan Qəzza zolağından İsrailin cənubundakı Beer-Şeva şəhərinə atılan raketi vurarkən istifadə edilib.

2019-cu ildə ABŞ özünün Patriot raketdən müdafiə sistemini tamamlamaq üçün Dəmir Günbəz satın alacağını və sınaqdan keçirəcəyini açıqlayıb.

Patriot Dəmir Günbəzlə oxşar formada işləyir, lakin o, qısa mənzilli silahlardan daha çox, ilk növbədə təyyarələri, qanadlı raketləri və ballistik raketləri vurmaq üçün nəzərdə tutulub.

Dəmir Günbəz nə qədər effektlidir?

İsrail 2012-ci ildə Dəmir Günbəz artilleriya batareyalarının Həmasın Qəzzadan atdığı raketlərin 84%-ni dəf etdiyini bildirib.

Onlar 573 dəfə cavab verildiyini və 421 raketin məhv edildiyini iddia ediblər.

Bununla belə, 2013-cü ildə Massachusetts Texnologiya İnstitutunun müdafiə üzrə mütəxəsisisi professor Theodore Postol bildirib ki, əslində Dəmir Günbəz hədəflərinin yalnız 10%-ni vurmuş ola bilər: “Və ya ola bilsin ki, bir faizini belə, vura bilməyib”.

2021-ci ildə İsrail ordusu iddia edib ki, Həmas Qəzza zolağından 3000 raket atdığı zaman Dəmir Günbəz 90% müvəffəqiyyət qazanıb.

Hazırkı münaqişə başlayandan bəri Həmas İsrailə etdiyi hücum zamanı 5000 raket atdığını iddia edir, İsrail isə bunun bəlkə də yarısı qədər atıldığını deyir.

İsrail ordusunun bildirdiyinə görə, Dəmir Günbəz onlardan 153-nü ələ keçirib, digərləri isə açıq ərazilərə və ya Qəzza zolağının öz içinə düşüb.

Lakin İsrail mediasının bildirdiyinə görə, İsrailin cənubunda və Tel-Əviv ətrafında raket hücumları nəticəsində ölən və yaralananlar var. (BBC)








MARAQLI / KARUSEL / REDAKTOR SEÇİMİ
Tarix: 15-04-2024, 17:35