mobil versiya

Risk dəyərləndirməsi: Müəssisələrin qorunma qalxanı



Dəyişiklik və qeyri-müəyyənliklərlə dolu bir  meydan halına gəlmiş günümüzün iş dünyası, idarəçilərdən və ya idarəçiliyə namizədlərdən olduqca kritik bir bacarıq daha tələb edir; risk dəyərləndirməsi.
Artıq idarəçilər təşkilatları üçün strateji qərarlar verərkən, qeyri-müəyyənlikləri minimuma endirmək və potensial təhdidləri əvvəlcədən təxmin etmək məcburiyyətindədirlər. Çünki bu, gələcəkdə üzləşilə biləcək xoşagəlməz durumları daha ətraflı bir şəkildə analiz etmək, olası bir riskin potensial təsirlərini və nəticələrini dəyərləndirmək üçün olmazsa olmazdır. İstər idarəçilər, istərsə də mütəxəssislər üçün iş karyerasında uğurlu olma yolunda əhəmiyyətli bir addım olan bu anlayış, müəsisələrin dayanıqlılığını artırmaq, performansı optimallaşdırmaq və gələcəyə daha inamla baxmalarını təmin etmək baxımından son dərəcə həyati bir addımdır. Bu yazımda idarəçilərin və mütəxəssislərin risk dəyərləndirməsi edərkən göz önündə tutmaları gərəkən təməl ünsürlərdən bəhs edəcəyəm.

İlk addım olaraq, riski anlamaq çox əhəmiyyətlidir. Risk, potansial itkilərə və ya əlverişsiz nəticələrə yol aça bilən bir hadisənin baş vermə ehtimalıdır. Odur ki, risk qiymətləndirməsi mümkün təhdidləri və fürsətləri müəyyənləşdirərək, müəssisələrin gələcəyi daha yaxşı təxmin etmələrinə, iş strategiyalarını daha effektiv bir şəkildə planlamağa yardımçı olur.
Mümkün riskləri təyin etmək bu prosesin təməl addımıdır. Maliyyə, əməliyyat, strateji və s. kateqoriyalı riskləri göz önündə tutaraq, mümkün təhlükələri müəyyənləşdirmək, ölçmək və prioritetləşdirmək vacibdir. Bu, hansı risklərin daha təcili və önəmli olduğunu müəyyənləşdirməyə yardım edir. Bunun üçün SWOT analizləri edə, müasir bazar trendlərini araşdıra və mövcud təhdidləri dəyərləndirə bilərsiniz. Bir riskin təsiri və baş vermə ehtimalı kimi faktorları təhlil edərək, riskləri aşağı, orta və yüksək risklər olaraq sinifləndirmək ən məntiqli və praktik üsuldur. Hansı ki, bu, sizə resurslarınızı daha effektif istifadə etməyə imkan yaradır, onu ən önəmli risklərə yönləndirməyə və gərəkən tədbirləri öncədən almağa yardımçı olur.
Hər bir riski detallı şəkildə analiz etmək və bu risklərin təşkilat üzərindəki təsirlərini qiymətləndirmək, idarəçilərə sağlam qərarlar vermək üçün lazımi bilgiləri təmin edir. Müəyyən edilən risklər müəssisənin maliyyə təhlükəsizliyi və lazımsız xərclərdən sığortalanması baxımından da önəmli məsələdir. Risk qiymətləndirməsi sayəsində, potensial xərcləri öncədən təxmin edib, uyğun xərc nəzarət mexanizmləri və büdcələmə strategiyalarını inkişaf etdirməklə maliyyə itkilərindən qorunmaq mümkündür. Həmçinin, risklərin müəyyən edilib, idarə olunması müəssisələrin daha inamlı və innovativ addımlar atmasına da təkan verir ki, bu da uzun müddətdə şirkətlərin rəqabət üstünlüyü əldə etmələrinə töhfə vermis olur.

Müəyyən olunan risklərə qarşı effektiv tədbirlər almaq və bu tədbirlərin təsirini davamlı olaraq təqib etmək risk idarəetmə prosesinin kritik bir parçasıdır. Bu səbəbdən, riskləri idarə etmək üçün uyğun strategiyaları müəyyənləşdirmək son dərəcə labüddür. Məsələyə risklərinizi qəbul etmə, azaltma, transfer etmə və ya tədbir alma şəklində yanaşa bilərsiniz. Hər riski dəyərləndirərkən, riskin böyüklüyü, maliyyəti və tətbiq oluna bilirliyi kimi amilləri göz önündə tutmaq lazımdır. Risk dəyərləndirməsi müddəti bir dəfəlik fəaliyyət deyildir. İş mühiti və şərtləri davamlı dəyişir və yeni risklər ortaya çıxa bilir. Odur ki, risk dəyərləndirməsini nizamlı olaraq təkrarlamaq və müəssisənizdə baş verən dəyişikliklərə görə yeniləmək vacibdir.
Dəyərli oxuyucularım! Unutmayın ki, risk dəyərləndirməsi edərək müəssisənizin gələcəkdəki uğuruna təsir etmək gücünə sahibsiniz. Riskləri tanımaq, ölçmək, analiz etmək və tədbir almaq təşkilatınızın davamlılığını və rəqabət üstünlüyünü artıracaqdır. Risk dəyərləndirməsi, strateji qərarlarınızı dəstəkləmək və uğura çatmaq üçün vazkeçilməz bir alət, iş dünyasında uğura gedən yolda mühüm vasitədir. Siz, bu prosesi mənimsəyərək, müəssisələrinizi gələcəyə hazırlaya, rəqabət üstünlüyünü əldə edə və davamlı bir uğur yaxalaya bilərsiniz. Çünki, riskləri effektiv bir şəkildə idarə etmək, gələcəyə daha inamla addım atmağın açarıdır.
 
Sərkərdə Sərxanoğlu



KARUSEL / YAZARLAR
Tarix: 19-02-2024, 14:06