mobil versiya

Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox - Zaxarova



Rusiya sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycana Moskvada və üçüncü ölkələrin ərazisində keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün təkliflər göndərib.
Bunun Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyanın təklifinə müsbət cavab verib:“Bakı bizə hər zaman danışıqların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Təəssüflər olsun ki, erməni tərəfdaşlarımızla bağlı bunları deyə bilmərik. Mümkündür ki, onlar hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni “məsləhətçi”lərin daha maraqlı, daha yaxşı, daha səmərəli təkliflər verə bilərlər. Bilmirəm, düşünürəm ki, hər zaman əvvəlki təcrübəyə, qonşuların təcrübəsinə baxmaq lazımdır. Bu, hər zaman faydalıdır. Avropa İttifaqının müşahidəçilərinin, Praqa və Brüsseldə olanların nəyə gətirib çıxardığını biz hamımız gördük. Ola bilsin ki, erməni xalqı hər şeydən xəbərdar deyil. Ona görə ki, erməni xalqını hər şey barədə məlumatlandırmırlar”.
Zaxarova erməni xalqına xəbərdarlıq edərək bildirib ki, ən yaxın “dostları”nın (Qərb ölkələri-red.) Ermənistana məsləhətləri növbəti sürprizə gətirib çıxaracaq:
“Bir daha qeyd edirəm, məhz Praqa və Brüsseldə bu cür baş vermişdi. Məhz qərblilərin əli ilə… Mən bunu vurğulamaq istəyirəm. Başa düşürəm ki, sözlərim Ermənistanın müvafiq KİV-ləri tərəfindən təhrif ediləcək. Məhz qərblilərin məsləhəti ilə müvafiq sənədlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə bir kəlmə də qeyd olunmamışdı. Qərbli məsləhətçilərə inanmaq istəyən kimsə indi bu barədə düşünürmü? Əgər bu müddəalar sənəddə yazılsaydı, o zaman indi İrəvanda hakimiyyətə ümid edərək öz evlərini tərk edən insanlarla bağlı nə etmək məsələsi yaranmazdı”.(trend)

KARUSEL / SİYASƏT
Tarix: 6-12-2023, 16:30