mobil versiya

Asiya Parlament Assambleyasında Fələstin komitəsi yaradılacaq



Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası fevralın 23-də işini komitə iclasları ilə davam etdirib.
Sessiya çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında Asiya parlamentlərinin Fələstin xalqına dəstək verməsi ilə bağlı qətnamə layihəsi müzakirə olunub.
Tədbirin moderatoru İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İraq parlamentinin Xarici əlaqələr şöbəsinin müdir müavini Cabbar Al-Kinani diqqətə çatdırıb ki, Asiya Parlament Assambleyasının Fələstin xalqı məsələsi ilə bağlı komitənin yaradılması planlaşdırılır. Vurğulayıb ki, Fələstin xalqı məsələsi təkcə APA-nı deyil, bəşəriyyəti düşündürən məsələdir.
İraq parlamentinin rəsmisi bildirib ki, mülki insanların, uşaqların, qadınların qətlə yetirilməsi insanlığa sığmır və buna son qoyulmalıdır.
Diqqətə çatdırılıb ki, Asiya Parlament Assambleyası Qəzzada baş verənləri dayandırmaq üçün imkanlarından istifadə etməlidir.
Qətnamə layihəsi müzakirələrdən sonra qəbul edilib. Həmçinin APA-da yeni – Fələstin komitəsinin yaradılması barədə də qərar verilib.
Qeyd edək ki, Fələstin xalqına dəstəklə bağlı qətnamə layihəsi Asiya Parlament Assambleyasının 14-cü sessiyanın yekununda qəbul ediləcək Bakı Bəyannaməsində də öz əksini tapacaq.
Plenar sessiya işini fevralın 24-də başa çatdıracaq.

KARUSEL / SİYASƏT
Tarix: 23-02-2024, 12:01